Azərbaycan Üzgüçülük Federasiyası ilə Belarus Üzgüçülük Federasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.
Bu barədə SİA-ya Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Bildirilib ki, sənəd iki ölkə arasında üzgüçülük idmanının inkişafı, qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu sahədə təcrübə mübadiləsinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Memoranduma əsasən, tərəflər üzgüçülüyün inkişafı və təbliği, idmançıların, məşqçilərin və hakimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, birgə təlim-məşq toplanışlarının və yarışların təşkili istiqamətlərində əməkdaşlıq edəcəklər. Sənəd həmçinin metodiki materialların və təcrübənin mübadiləsini, uşaq və gənclər arasında üzgüçülüyün təşviqini, idmanın bu növünün daha geniş auditoriya arasında yayılmasını nəzərdə tutur.
Əməkdaşlıq çərçivəsində hər iki federasiyanın müvafiq sahələr üzrə təcrübəsindən faydalanmaq, idmançıların hazırlıq prosesinin təkmilləşdirilməsinə dəstək göstərmək və məşqçi-hakim heyətinin bilik və bacarıqlarının artırılması üçün imkanları genişləndirmək məqsədi daşıyan təşəbbüslərin həyata keçirilməsi planlaşdırılır.
Memorandumun imzalanması Azərbaycan və Belarus arasında üzgüçülük sahəsində əlaqələrin möhkəmləndirilməsinə, milli federasiyalar arasında qarşılıqlı fəaliyyətin inkişafına və beynəlxalq idman əməkdaşlığının genişləndirilməsinə töhfə verəcək.