"Azərbaycan müxtəlif etnik qrupların, fərqli dini və milli baxışlara malik insanların yaşadığı, insanların düşüncə müxtəlifliyinə və milli adət-ənənələrinə hörmətlə yanaşılan azad ölkədir. Lakin məktəbdə bu azadlıqlar müəyyən çərçivədə tənzimlənməlidir".
Bu sözləri SİA-ya açıqlamasında Əməkdar İncəsənət Xadimi, şair, “Şərəf” ordeni laureatı Baba Vəzir oğlu deyib.

Onun sözlərinə görə, bu, tarixən də belə olub və gələcəkdə də belə olmalıdır:
"Çünki məktəb dini və ya milli məbəd deyil. Məktəb elm və təhsil məbədidir, insanlara bilik, işıq və ziyavermə məkanıdır. Azərbaycanda yaşayan hər kəs öz dini baxışlarını, təriqətini və inanclarını məktəb mühitinə istədiyi formada gətirə bilməz. Şəxsi azadlıqlar məktəbin müəyyən edilmiş qaydaları və təhsil mühitinin tələbləri çərçivəsində həyata keçirilməlidir.
Təsəvvür edin ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır və hər kəs öz milli adət-ənənələrinə uyğun geyimlə məktəbə gəlmək istəsə, bu, vahid qaydaların tətbiqini çətinləşdirər. Mən bu nümunəni mübahisə yaratmaq üçün deyil, məktəbdə ümumi qaydaların vacibliyini göstərmək üçün çəkirəm.
Bir daha vurğulamaq istəyirəm ki, məktəb elm, təhsil və maarifçilik məkanıdır. Hər kəs bu məkana və onun qaydalarına hörmətlə yanaşmalı, müəyyən edilmiş tələbləri anlayışla qarşılamalıdır. Bu prinsip həm şagirdlərə, həm müəllimlərə, həm də məktəbə daxil olan hər kəsə şamil edilməlidir".