Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında “Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikası Prezidentinin nitqi və qarşıda duran vəzifələr” mövzusunda elmi-praktik konfrans keçirilib.
Akademiyadan SİA-ya bildirilib ki, konfransı açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli YAP-ın VIII Qurultayının müstəqil Azərbaycan dövlətinin inkişafının yeni mərhələsində qarşıya qoyulan hədəf və strategiyaları müəyyən etdiyini söyləyib. O bildirib ki, Prezidentin qurultayda çıxışı zamanı səsləndirilən fikirlər müasir dünyanın reallıqlarını və Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifələri əhatə edir. Dövlətimizin başçısının dünya hadisələrinə Azərbaycanın reallıqları və milli maraqları kontekstində yanaşması hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsi baxımından böyük əhəmiyyət daşıyır.
Akademik İsa Həbibbəyli müasir dünyada geosiyasi tarazlığın pozulması, müharibələr və təbii fəlakətlərin yaratdığı çətinliklər, eləcə də Azərbaycanın nailiyyətlərini qəbul etmək istəməyən qüvvələrin mövcudluğunun ölkəmizin daha da güclənməsini zəruri etdiyini bildirib.
Bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev tərəfindən yeni dövrün ümummilli vəzifələri ilə bağlı mühüm çağırışların səsləndirildiyini xatırladan akademik İsa Həbibbəyli bu gün Azərbaycanın hərbi, iqtisadi və ideoloji baxımdan qüdrətli, qlobal çağırışlar qarşısında milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət olduğunu qeyd edib, hər bir vətəndaşın öz vəzifəsinə məsuliyyətlə yanaşmasının ölkənin inkişafına mühüm töhfə verdiyini bildirib.
AMEA rəhbəri İsa Həbibbəyli Azərbaycan Prezidentinin çıxışından irəli gələn vəzifələrə uyğun olaraq AMEA tərəfindən tarix, ədəbiyyat, fəlsəfə və digər elm sahələri üzrə daha güclü Azərbaycan ideyasını əks etdirən sanballı kitabların və elmi məqalələrin meydana qoyulduğunu diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və “Heydər Əliyev İli” çərçivəsində AMEA əməkdaşları tərəfindən 48 kitabın hazırlandığını xatırladaraq, Ulu Öndərin siyasi irsinin sistemli elmi tədqiqinin davam etdirilməsinin və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin elmi əsaslarla tədqiq edilməsinin əhəmiyyətini vurğulayıb.
Konfransda YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimovanın məruzəsi dinlənilib. Deputat YAP-ın VIII Qurultayının Azərbaycanın Zəfər qazandığı və suverenliyini tam bərpa etdiyi dövrə təsadüf etdiyini bildirib. Qeyd edib ki, bu qurultay partiyanın yarandığı gündən ilk dəfə tarixi qələbə şəraitində keçirilib.
Prezident İlham Əliyevin qurultaydakı çıxışının 1990-cı illərin çətin tarixi mərhələsindən Zəfərə qədər keçilən yolun mahiyyətini əks etdirdiyini diqqətə çatdıran deputat qurultayda ideoloji təhlükəsizlik, xarici təhdidlərə qarşı mübarizə, Zəfərdən sonra yaranan yeni reallıqlar, yeni müzakirə istiqamətlərinin müəyyənləşdirilməsi, Qarabağ və Şərqi Zəngəzura qayıdış kimi mühüm məsələlərin önə çəkildiyini vurğulayıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev çıxışında Azərbaycan Prezidentinin YAP-ın VIII Qurultayındakı çıxışı ilə yeni tarixi şəraitdə qarşıya mühüm vəzifələr qoyulduğunu bildirib.
Daha sonra AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Mirzəzadə gənc alimlər adından çıxış edərək Azərbaycan Prezidentinin YAP-ın VIII Qurultayındakı çıxışını gənc tədqiqatçı mövqeyindən şərh edib.
Prezidentin Azərbaycan gənclərinə müraciətlərində onların müxtəlif sahələrdə ölkənin nüfuzunu artıran qüvvə kimi dəyərləndirildiyini vurğulayan Şəbnəm Mirzəzadə müasir dünyanın inkişaf tendensiyalarına uyğunlaşan, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq, intellektual və fəal gənc nəslin formalaşdırılmasına xüsusi diqqət yetirildiyini qeyd edib.