Panamada 7,7 bal gücündə zəlzələ baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, təxminən 4,6 milyon insan yeraltı təkanları orta və güclü səviyyədə hiss edib. Zəlzələnin episentri ölkənin cənub-mərkəzində, Pitaloza Arriba şəhərindən təxminən 10 kilometr məsafədə, 12 kilometr dərinlikdə yerləşib.
SİA xarici mənbələrə istinadən xəbər verir ki, zəlzələ nəticəsində Penonome və Sona şəhərlərində bəzi binalar, o cümlədən kilsənin bir hissəsi dağılıb, hotellərdən birinə ciddi ziyan dəyib. İlkin məlumata görə, tələfat qeydə alınmayıb. Panama şəhərində də sakinlər təhlükəsizlik məqsədilə binalardan təxliyə ediliblər.
Ölkə prezidenti Xose Raul Mulino hökumətin zəlzələnin nəticələrinin aradan qaldırılması üçün səfərbər olunduğunu bildirib. İlkin olaraq bir sıra ölkələr üçün sunami xəbərdarlığı verilsə də, sonradan sunami təhlükəsinin olmadığı açıqlanıb.
Atlantik və Sakit okeanları birləşdirən Panama kanalının fəaliyyətinə zəlzələ təsir göstərməyib. Hadisənin vurduğu ümumi ziyanın miqyası isə hələ dəqiqləşdirilir.