Azərbaycanın İsveçdəki səfiri SSANA nümayəndələri ilə görüşüb

10 Oktyabr 2026 12:35 (UTC+04:00)

Stokholmda “Sweden Students & Alumni Network Azerbaijan” (SSANA) heyəti ilə Azərbaycanın İsveç Krallığındakı yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov arasında görüş keçirilib.

SİA xəbər verir ki, görüşdə səfirliyin birinci katibi Əsgər Nağıyev, SSANA-nın həmtəsisçisi Rahil Məmmədov və Məşvərət Şurasının sədri Nərmin Abbasova iştirak ediblər.

Görüş zamanı təşkilatın yaranma tarixi, fəaliyyət istiqamətləri və gələcək tədbir planları barədə ətraflı məlumat verilib. Akademik, humanitar, mədəniyyət və təhsil sahələrində SSANA-nın fəaliyyətinin gücləndirilməsi, yeni təşəbbüslərin həyata keçirilməsi və səfirliklə əməkdaşlığın davam etdirilməsi ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Qarabağ Universiteti ilə əlaqələrin qurulması, akademik savadlılığın artırılması və kitab hədiyyələri vasitəsilə təhsil təşəbbüslərinin dəstəklənməsi məsələləri müzakirə olunub. İsveçdəki universitetlərlə əməkdaşlıq əlaqələrinin yaradılması və yeni akademik mübadilə imkanlarının genişləndirilməsi də diqqət mərkəzində olub.

Bundan əlavə, iqlim fəaliyyəti sahəsində səfirliklə birgə təşəbbüslərin həyata keçirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi barədə danışılıb.