Türkiyə Şimali Kiprə dəniz vasitəsilə qaz kəməri çəkmək üçün səylərini artırıb.
SİA xəbər verir ki, "Oruç Rəis" seysmik gəmisi 101 kilometrlik boru kəmərinin dəniz dibi təhlilini aparmaq üçün Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərinə gəlib. Boru kəməri iki qoldan ibarət olacaq: 4 kilometrlik hissə quruda, 97 kilometrlik hissə isə dəniz dibi boyunca uzanacaq.
Türkiyə mediasının məlumatına görə, "Oruç Rəis" gəmisi Girnə limanının sahilində lövbər salıb və tezliklə dəniz dibinin xəritələşdirilməsi də daxil olmaqla 3D tədqiqatlara başlayacaq. Eyni zamanda, gəmiyə dənizin bu sektorunda yataqların olması ehtimalını təhlil etmək tapşırılıb.
Təşəbbüs təkcə ŞKTC sakinlərini təbii qazla təmin etməyi deyil, həm də Kipr yaxınlığında kəşf edilə biləcək qazı Avropa bazarlarına ixrac etməyi hədəfləyir.
Türkiyə Enerji və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, boru kəmərinin bir qolu ŞKTC-dən "gələcək təchizat" üçün təyin olunacaq.
Layihənin texniki hissəsinin bir il ərzində tamamlanması, boru kəməri tikintisinin 2028-ci ilə qədər tamamlanması planlaşdırılır.
Xatırladaq ki, 2015-ci ildə Türkiyə Kipr türklərini təmiz su ilə təmin etmək üçün ŞKTC-ə dəniz boru kəməri çəkdirib.