Qaradağda YAP-ın VIII Qurultayının qarşıya qoyduğu yeni hədəflər müzakirə edilib

9 Oktyabr 2026 23:11 (UTC+04:00)

Oktyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatının Dadaş Bünyadzadə küçəsi 19 ünvanı üzrə ərazi partiya təşkilatında (ƏPT) Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən Dadaş Bünyadzadə küçəsi 19 ünvanı üzrə ərazi partiya təşkilatının sədri Nigar Osmanlı bildirib ki, YAP-ın VIII Qurultayı partiyanın yerli orqanlarının qarşısında yeni dövrün tələblərindən irəli gələn mühüm vəzifələr müəyyənləşdirib. O qeyd edib ki, Prezident, YAP sədri cənab İlham Əliyevin qurultaydakı nitqində səsləndirdiyi fikirlər partiyanın qarşıdakı fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

YAP-ın VIII Qurultayının ölkəmizinin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu vurğulayan ƏPT sədri bildirib ki, qarşıya qoyulan yeni vəzifələrin icrasında təhsil müəssisələrinin də üzərinə mühüm məsuliyyət düşür.

Tədbirdə Qurultay nümayəndəsi, YAP Qaradağ rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi nitq Azərbaycanın keçdiyi tarixi inkişaf yoluna, əldə etdiyi mühüm nailiyyətlərə siyasi qiymət verməklə yanaşı, Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni mərhələdə qarşıda duran strateji hədəfləri və əsas vəzifələri də müəyyənləşdirir.

YAP Qaradağ rayon təşkilatının sədri vurğulayıb ki, tədbirin əsas məqsədi cənab Prezidentin müəyyən etdiyi siyasi istiqamətlərin mahiyyətini müzakirə etmək və onların rayon təşkilatına daxil olan ərazi partiya təşkilatlarının, həmçinin hər bir partiya üzvünün fəaliyyətində əks olunmasının vacibliyini vurğulamaqdır. Bu mənada, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi istiqamətində ərazi partiya təşkilatlarının və partiya üzvlərinin üzərinə düşən məsuliyyətin müəyyənləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.

İlqar İlyasov bildirib ki, partiyanın ideoloji fəaliyyəti müasir çağırışları nəzərə almalı, milli maraqların müdafiəsi, vətənpərvərlik və ictimai məsuliyyət prinsipləri əsasında qurulmalıdır. Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələrin yerlərdə ardıcıl şəkildə müzakirə edilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Gənc nəslin milli tariximizə, zəngin dövlətçilik ənənələrimizə və müasir Azərbaycanın inkişaf modelinə bağlılığının artırılması gələcək uğurların təminatıdır.

Tədbirdə çıxış edənlər – ƏPT sədrinin müavini Əfsanə Bağırova, YAP üzvləri Azadə Süleymanlı, Səidə İbrahimova və başqaları YAP-ın VIII Qurultayının ölkəmizin ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyi xüsusi tarixi mərhələdə keçirildiyini və mühüm siyasi əhəmiyyət daşıdığını bildiriblər. Qeyd ediblər ki, VIII Qurultayda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər və müəyyənləşdirdiyi strateji istiqamətlər partiyanın bütün yerli təşkilatları üçün mühüm fəaliyyət proqramıdır. Bu qərarların mahiyyətinin dərindən öyrənilməsi, partiya üzvlərinə çatdırılması və gündəlik iş prosesində rəhbər tutulması xüsusi əhəmiyyət daşıyır. Qeyd edilib ki, Hər bir partiya üzvü öz fəaliyyəti, məsuliyyəti və təşəbbüskarlığı ilə qurultayda müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə töhfə verməlidir.

Bu mənada təhsil ocaqlarının, müəllimlərin gənc nəslin maarifləndirilməsi, Prezidentin müəyyən etdiyi strateji istiqamətlərin ictimaiyyətə çatdırılması və onların həyata keçirilməsində fəal iştirak etmələrinin əhəmiyyəti xüsusi qeyd olunub.