SOCAR-ın tərəfdaşı olan şirkətin yerli filialı dövlət qeydiyyatına alınıb

10 Oktyabr 2026 10:08 (UTC+04:00)

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Gran Tierra Energy (Azerbaijan) GmbH" şirkətinin yerl filialını dövlət qeydiyyatına alıb.

SİA xəbər verir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 69E, qanuni təmsilçisi isə Kolumbiya vətəndaşı Villalobos Herrera Hector Enrique-dir.

Xatırladaq ki, bu il fevralın 18-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Kanadanın "Gran Tierra Energy Inc." şirkəti arasında Quba–Xəzəryanı regionunda yerləşən qurudakı perspektiv sahəsi üzrə Kəşfiyyat, İşlənmə və Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb. Sənədi iki şirkətin prezidentləri Rövşən Nəcəf və Gary Guidry imzalayıblar.

Sazişin şərtlərinə əsasən, layihənin operatoru qismində çıxış edəcək "Gran Tierra Energy Inc." 65 % iştirak payına malik olacaq. Geoloji kəşfiyyat iş proqramına qravimetrik məlumatların toplanması, 3D seysmik tədqiqatların aparılması və müqavilə sahəsinin karbohidrogen potensialının üzə çıxarılmasına yönəlmiş kəşfiyyat quyularının qazılması daxildir.

İyunun 10-da Nazirlər Kabineti Sazişlə bağlı Azərbaycan Hökumətinin təminatı və öhdəliklərini təsdiq edib, sentyabrın 30-da isə Milli Məclis sənədi ratifikasiya edib. Sənəddə SOCAR-ın maraqlarını təmsil edəcək şirkət kimi onujn törəməsi "SOCAR Quba-Xəzəryanı" MMC göstərilib. Bu şirkət ötən il oktyabrın 3-də 1 000 manat nizamnamə kapitalı ilə yaradılıb, qanuni təmsilçisi Elnur Dövlət oğlu Ağatağıyevdir.