"Avropa İttifaqı Ukraynaya humanitar yardım göstərdiyinə görə Azərbaycana minnətdarlığını bildirib və ölkənin enerji infrastrukturuna davam edən hücumlar və qışa hazırlıqlar kontekstində bunun xüsusi əhəmiyyətini vurğulayıb." Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr üzrə Avropa Xidmətinin (EEAS) nümayəndəsi "Report"un Avropa bürosuna bildirib.
"Azərbaycan Aİ üçün etibarlı enerji tərəfdaşıdır və Ukraynaya lazımi dəstəyə töhfə verir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfəri zamanı qeyd etdiyi kimi, Aİ Ukraynaya göstərdiyi humanitar yardıma görə Azərbaycana minnətdardır", - deyə nümayəndə "Report"un sorğusuna cavab olaraq vurğulayıb.
Onun sözlərinə görə, Avropa İttifaqı və üzv dövlətlərin dəstəyi ilə yanaşı, Azərbaycan da daxil olmaqla, digər beynəlxalq tərəfdaşların köməyi də mühüm rol oynayır. Bu, Ukraynanın təcili ehtiyaclarını ödəməyə və onun dayanıqlığını gücləndirməyə kömək edir.
Mətləb