Təl-Əvivdəki Ben-Qurion hava limanında (İsrail) terror aktı törətməyə cəhd edən "Flydubai" aviaşirkətinin ikinci pilotunun "Müsəlman Qardaşları" terror təşkilatı ilə əlaqəli olduğu ehtimal edilir.
Bu barədə BƏƏ-nin Baş prokuroru Həməd Səif Əl-Şəmsi sentyabrın 30-na planlaşdırılan Dubay - Təl-Əviv reysində baş vermiş hadisənin istintaq nəticələrini təqdim edərkən bildirib.
Oman vətəndaşı olan 29 yaşlı ikinci pilot əvvəlcədən terror aktı planı hazırlayıb. O, təyyarənin idarəetməsini ələ keçirərək Təl-Əvivdəki Ben-Qurion hava limanının sərnişin terminalına hücum etməyi və mümkün qədər çox insanın ölümünə səbəb olmağı nəzərdə tutub.
İddialara əsasən onun radikallaşmasının ilk əlamətləri 2017-ci ildə Avstraliyada təhsil aldığı dövrdə üzə çıxıb. Belə ki, şübhəli 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilmiş terror aktlarından da təsirlənib və təyyarədən istifadə etməklə oxşar əməliyyat həyata keçirməyi planlaşdırıb. Öz etirafına görə, aviasiya sahəsində karyera qurmaq qərarı da məhz bu niyyətlə əlaqəli olub.
Şübhəli Melburnda təhsil aldığı müddətdə Kral Melburn Texnologiya İnstitutunun (RMIT) nəzdindəki məscidə mütəmadi gedib. Orada "My Centre" təşkilatı ilə əlaqəli şəxslərlə tanış olub. Onun sözlərinə görə, təşkilata Əbu Həmzə kimi tanınan livanlı şəxs rəhbərlik edib. Şübhəli həmçinin bu qurumun "Müsəlman qardaşları" hərəkatı ilə əlaqəli birlik tərəfindən dəstəkləndiyini iddia edib.
Peşəkar fəaliyyəti ərzində şübhəli bir neçə ölkənin aviaşirkətində çalışıb. O, 2020–2024-cü illərdə "Oman Air" aviaşirkətinin əməkdaşı olub. 2025-ci ilin əvvəlində "Royal Air Maroc"a keçib və orada bir neçə ay işləyib. 2026-cı ilin yanvarında isə "Flydubai" aviaşirkətində işə başlayıb.
İstintaqın versiyasına görə, şübhəli Təl-Əvivə əvvəlki iki uçuşundan marşrutu və hava limanını öyrənmək üçün istifadə edib. O, iddia edilən planını həyata keçirməyə sentyabrın 30-da həmin şəhərə üçüncü uçuşu zamanı başlayıb.
Saxlanılan şəxs təkbaşına hərəkət etdiyini bildirib. Bununla belə, istintaqçılar onun ifadələrinin doğruluğunu yoxlamağa davam edirlər.
Mətləb