“Qarabağ və Şərqi Zəngəzurda artıq 96 minə yaxın insanın yaşaması və 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşması Böyük Qayıdış prosesinin miqyasının yeni mərhələyə keçdiyini göstərir. Növbəti mərhələnin əsas pripritetləri isə Böyük Qayıdışın təkcə insanların doğma torpaqlarına köçürülməsi prosesi kimi deyil, dayanıqlı yaşayış və iqtisadi fəaliyyət modelinin formalaşdırılması kimi həyata keçirilməsidir".
Bunu SİA-ya açıqlamasında politoloq Rəşad Bayramovdeyib.

Onun sözlərinə görə, burada ilk prioritet yeni yaşayış məntəqələrinin tikintisinin davam etdirilməsi, kommunal və sosial infrastrukturun tam qurulması, məktəb, səhiyyə, nəqliyyat və digər xidmətlərin əlçatanlığının təmin edilməsidir:
"İkinci mühüm istiqamət məşğulluq və gəlir imkanlarının genişləndirilməsidir. İnsanların geri qayıtması ilə yanaşı, onların həmin ərazilərdə uzunmüddətli perspektivdə işləməsi və iqtisadi fəallıq göstərməsi vacibdir. Bu baxımdan sənaye zonalarının, kənd təsərrüfatının, turizmin, xidmət sektorunun və kiçik sahibkarlığın inkişafı xüsusi əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının Azərbaycanın digər regionları və xarici bazarlarla dəyər zəncirlərinə inteqrasiyası növbəti mərhələnin əsas məqsədlərindən biri kimi çıxış edir.
Nəticədə əhalinin artması yeni istehlak bazarları formalaşdıracaq, investisiya və məşğulluq imkanlarını genişləndirəcək, qonşu rayonlarla iqtisadi əlaqələri gücləndirəcək. Bununla yanaşı, yeni mərhələdə yaşayış məntəqələrinin sayından daha çox onların iqtisadi və sosial dayanıqlılığı əsas göstəriciyə çevriləcək.
Düşünürəm ki, Böyük Qayıdışın növbəti mərhələsi mahiyyət etibarilə “qayıdışdan inkişaf mərhələsinə keçid” kimi xarakterizə oluna bilər. Əsas məsələ insanların öz yurdlarına qaytarılması ilə yanaşı, həmin ərazilərdə həyatın, biznesin və iqtisadi fəallığın davamlı şəkildə qurulmasıdır. Bu prosesin uğurla həyata keçirilməsi Qarabağ və Şərqi Zəngəzuru ölkənin ümumi iqtisadi sisteminin fəal hissəsinə çevriləcək".