"Dünya siyasətində bəzən illərlə aparılan danışıqların nəticə vermədiyi məsələlər bir siyasi iradə və qətiyyətli qərarla yeni mərhələyə keçir. Azərbaycan–Ermənistan sülh prosesi də bunun nümunəsidir. 2025-ci il avqustun 8-də Vaşinqtonda baş verənlər sadəcə diplomatik mərasim deyildi. Bu, Cənubi Qafqazın gələcəyinə dair yeni siyasi reallığın beynəlxalq səviyyədə təsdiqi idi". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi ilə bağlı paylaşımı özündə bir neçə mühüm siyasi mesajı birləşdirir:
"Burada söhbət yalnız Amerika Prezidentinin sülh prosesindəki rolunun qiymətləndirilməsindən getmir. Əsas məqam Azərbaycanın diplomatik təşəbbüskarlığı, siyasi ardıcıllığı və regionda formalaşdırdığı yeni münasibətlər sistemidir.
Məsələnin maraqlı tərəfi odur ki, uzun illər bir-birinə qarşı müharibə aparmış iki dövlət bu dəfə üçüncü bir ölkənin liderinin Nobel Sülh Mükafatına namizədliyində ortaq mövqedən çıxış edir. Dünənin qarşıdurma tərəflərinin bu gün eyni diplomatik təşəbbüs ətrafında birləşməsi özü ayrıca siyasi hadisədir. Bu, sülhün artıq yalnız danışıqlar masasında deyil, siyasi davranışlarda da özünü göstərməyə başladığının əlamətidir.
Digər mühüm məqam Prezident İlham Əliyevin təşəbbüsün müəllifi olmasıdır. Azərbaycan burada prosesləri kənardan izləyən deyil, siyasi gündəliyi formalaşdıran tərəf kimi çıxış edir. Bakı bir daha göstərir ki, regionun gələcəyi ilə bağlı qərarların qəbulunda öz sözünü demək imkanına malikdir.
Vaşinqton prosesinin əhəmiyyətini qiymətləndirərkən bir həqiqəti də unutmaq olmaz: Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini özü təmin edib. Sülhə aparan yolun əsas siyasi və hüquqi şərtləri məhz bundan sonra formalaşıb. Donald Trampın vasitəçilik səyləri isə həmin reallıqlar əsasında diplomatik prosesin irəliləməsinə töhfə verib. Bu iki amili bir-birindən ayırmaq vacibdir.
Nobel Sülh Mükafatı ilə bağlı yekun qərar müvafiq komitənin səlahiyyətindədir. Lakin Azərbaycan və Ermənistanın birgə namizədlik təşəbbüsü artıq özlüyündə diqqətəlayiq diplomatik mesajdır.
Əslində, burada daha böyük bir siyasi məntiq var: sülh yalnız müharibənin bitməsi deyil, dünən bir-birinə qarşı dayanan dövlətlərin sabah ortaq mövqe nümayiş etdirə bilməsidir.
Cənubi Qafqazda yeni mərhələnin ən mühüm göstəricisi də məhz budur. İndi əsas məsələ bu siyasi iradənin davamlı sülhə, açıq kommunikasiyalara və qarşılıqlı etimada çevrilməsidir. Çünki tarixi razılaşmaların əsl dəyərini imzalandığı gün deyil, sonrakı illərdə yaratdığı nəticələr müəyyən edir".