"Aqrar sektorun inkişafı üçün yeni qanunvericilik bazasının yaradılması mühüm əhəmiyyət daşıyır" - DEPUTAT

9 Oktyabr 2026 13:06 (UTC+04:00)

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aqrar sahədə həyata keçirdiyi mühüm tədbirlər, çıxışlarında qarşıya qoyulan vəzifələr, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”, eləcə də son aylarda qəbul edilən toxumçuluq və balıqçılıq haqqında qanun layihələrinin, yeni qanun layihələrinin Milli Məclisə daxil olması və geniş müzakirə edilməsi, əlbəttə ki, aqrar sektorun gələcək inkişafına hesablanıb". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

O bildirib ki, aqrar sahə haqqında qanun layihəsi də baza qanunu kimi çox əhəmiyyətlidir. Əvvəllər aqrar sektora, aqrar sahələrə aid qanun qəbul edilsə də, bu qanun layihəsi ümumiləşdirici, sistemləşdirici, tənzimləyici xarakterlidir və aqrar sektorun, demək olar, bütün sahələrinin hüquqi əsaslarını özündə ehtiva edir.

Sözsüz ki, qanunun qəbulu sahibkarlığın, fermerlərin rolunun artırılmasına, fəaliyyətlərinin canlandırılmasına, eləcə də mövcud müəyyən problemlərin aradan qaldırılmasına kömək edəcəkdir. Çünki qanunda mütərəqqi texnologiyaların təsərrüfatda tətbiq olunması, dayanıqlı aqrar sektorun inkişafı, subsidiya mexanizminin təkmilləşdirilməsi, torpaqdan, sudan, təbii resurslardan səmərəli istifadə olunması, məhsuldarlığın artırılmasının yolları, eləcə də bu məsələlərə nəzarətin gücləndirilməsi, dövlətin rolu, imkanları və vəzifələri öz əksini tapıb ki, bu da, əlbəttə ki, mütərəqqidir və gələcək inkişafa hesablanıb.

Sözsüz ki, təsərrüfatlar elmi əsaslarla idarə olunmalıdır və kadr potensialı artırılmalıdır. Sudan, torpaqdan səmərəli istifadə edilməli, emal sənayesi inkişaf etdirilməli, ixracyönümlü məhsullar istehsal olunmalı və məhsulun keyfiyyəti gözlənilməlidir. Bu məsələlərin həlli fermerə yeni imkanlar yaradacaq. Qanun əhatəli, geniş olmaqla yanaşı, həm də aqrar sektora inkişaf üçün bir zəmin yaradır".