Sabir Şahtaxtının “Duman çəkiləndə” siyasi-tarixi romanı barədə

9 Oktyabr 2026 12:59 (UTC+04:00)

Azərbaycan ədəbiyyatının ən parlaq nümunəsi Sabir Şahtaxtının qələmə aldığı “Duman çəkiləndə” siyasi-tarixi romanını qısa müddətdə oxudum və məmnun qaldım. Ramanın tarixi mahiyyəti və ədəbi məziyyəti məni heyran buraxdı. Təəssüratımı birbaşa ifadə edərək qeyd etmək istərdim ki, bu roman Müqəddəs Qarabağ Zəfərinin bütün qalibiyyət nüanslarını özündə ehtiva edən ümumtürk məzmunlu roman olaraq tarix qazanacağına zərrə qədər şübhəm yoxdur. “Duman çəkiləndə” 44 günlük Vətən müharibəsinin bütün əzəmətini özündə yaşatmaqla bərabər Azərbaycan xalqının milli-azadlıq arzularını, bu istiqamətdə aparılan mübarizənin tarixini, keyfiyyət mərhələlərini və müasir proseslərə, həmçinin milli ənənələrə və dəyərlərə işıq saçır.

Əsərin özəlliklərindən biri də onun ibrətamiz eşq dastanı kimi qələmə alınmasıdır. Müəllif böyük ədəbi ustalıqla Azərbaycan xalqının milli dövlətçilik ideologiyasının əsaslarını obrazlı şəkildə təsvir edə bilmişdir. Azərbaycan xalqının öz torpağına, ölkəsinə və dövlətinə bağlılığı dramatik döyüş səhnələri ilə oxucuya çatdırılır və məharətli üslubda keçidlər edilir.

Yazıçının rəvan yazı dili, səlis ifadə tərzi, dramatik səhnələri, tez-tez el məsəlləri, ədəbi təsvirlər, təbiət hadisələri, canlı floradan səhnələr ilə əvəz etməsi romandakı ideoloji yükü azaldaraq onun oxunaqlığına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. Əsərdəki ədəbi təsvirlər, eləcə də insan xarakterinə dair incəliklərinə çağdaş dünya ədəbiyyatı üçün örnəkdir. Müəllif müharibənin ağırlığını mövzu olaraq vətəndaş amalı, fərdi humanizm hisləri ilə yumşaldaraq əsərin dəyərini zirvələrə yüksəldə bilib.

Sabir Şahtaxtının “Duman çəkiləndə” siyasi-tarixi romanının süjet xəttini qurarkən nadir və təkrarsız üslub seçmişdir ki, bu da “əsər Vətən müharibəsi mövzusunda hazırda ən mükəmməl və təkrarolunmaz bir romandır ”, - deməyə əsas verir.