“Azərbaycanın Türkmənistanla münasibətləri qarşılıqlı etimada, dostluğa və qardaşlığa əsaslanır. Bu əməkdaşlıq yalnız iki ölkənin maraqlarına deyil, bütövlükdə regionda sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın möhkəmlənməsinə xidmət edir. Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələrinin daha da dərinləşdirilməsi və beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır”.
Bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, aydın məqsədlərə, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanan əməkdaşlıq uzunömürlü olur, xalqların və dövlətlərin gələcək inkişafına, sülhə, əmin-amanlığa və təhlükəsizliyə mühüm töhfə verir:
“Belə münasibətlər, eyni zamanda, münaqişələrin və insan faciələrinin qarşısının alınması, dövlətlərin öz talelərini müstəqil şəkildə müəyyənləşdirməsi baxımından da əhəmiyyətlidir.
Uzun illər torpaqları Ermənistanın işğalı altında qalan, xalqı ağır məhrumiyyətlər yaşayan Azərbaycan güclü ordusunun, mətin xalqının qəhrəmanlığı, Prezident İlham Əliyevin siyasi iradəsi və uzaqgörən siyasəti sayəsində tarixi Zəfər qazanaraq ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu gün ölkəmiz iqtisadi potensialı, beynəlxalq nüfuzu və həyata keçirdiyi mühüm layihələrlə seçilir. Azərbaycanın keçdiyi şərəfli yol, milli maraqlarını qətiyyətlə müdafiə etməklə yanaşı, sülhə və beynəlxalq əməkdaşlığa sadiqliyi təqdirəlayiqdir”, – deyə Tahir Rzayev vurğulayıb.
O qeyd edib ki, Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətinin ilk illərindən etibarən dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasına xüsusi önəm verib. Mərkəzi Asiya dövlətləri ilə əlaqələrin inkişafı da Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakı ölkəmizin region dövlətləri ilə münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Azərbaycanın regional əməkdaşlıq proseslərində fəal iştirakı siyasi dialoqun genişlənməsinə, iqtisadi əlaqələrin dərinləşməsinə və yeni tərəfdaşlıq imkanlarının yaranmasına şərait yaradır.
Tahir Rzayev bildirib ki, Türkmənbaşı şəhərində keçirilən görüş çərçivəsində “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı”nın və “Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar”ın imzalanması regional əməkdaşlığın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, bu sənədlər qarşılıqlı etimadın möhkəmləndirilməsinə, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə və Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da genişləndirilməsinə xidmət edir.
Tahir Rzayevin sözlərinə görə, Azərbaycanın ötən ilin noyabrında Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsi tarixi hadisədir. Bu qərar ölkəmizin regionla əlaqələrinin genişlənməsinə, Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığın möhkəmlənməsinə yeni imkanlar açır. Azərbaycanın 2027-ci ildə bu platformaya sədrlik edəcək olması isə regional proseslərdə rolunun daha da artacağının göstəricisidir.
“Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qoşulması ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin yalnız ikitərəfli əlaqələrlə məhdudlaşmadığını, daha geniş regional əməkdaşlıq müstəvisinə keçdiyini göstərir. Bu platforma nəqliyyat, energetika, ticarət, investisiya və təhlükəsizlik məsələlərinin müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanın iştirakı Cənubi Qafqazla Mərkəzi Asiya arasında iqtisadi və nəqliyyat əlaqələrinin daha da gücləndirilməsinə xidmət edir”, – deyə o bildirib.
Komitə sədri Azərbaycanın beynəlxalq təşkilatlar çərçivəsində artan roluna da diqqət çəkib. Qeyd edib ki, ölkəmizin müxtəlif regional və beynəlxalq platformalarda mühüm vəzifələr həyata keçirməsi Azərbaycanın nüfuzunun, siyasi çəkisinin və beynəlxalq tərəfdaşlarının ona olan etimadının göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına, Türk Dövlətləri Təşkilatına və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə üzvlüyü, eləcə də MDB çərçivəsində qarşıdakı illərdə üzərinə götürəcəyi məsuliyyətlər ölkəmizin beynəlxalq əməkdaşlıqda fəal mövqeyini nümayiş etdirir. 2027-ci ildə MDB-yə sədrlik funksiyasının Özbəkistana keçməsi, 2028-ci ildə isə Azərbaycanın təşkilata sədrlik etməyə hazırlaşması bu baxımdan diqqətəlayiqdir. Hazırda Türkmənistan, Özbəkistan və Azərbaycanın MDB çərçivəsində formalaşdırdığı üçlük də qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi baxımından əhəmiyyətlidir.
“Azərbaycan müstəqillik tarixində ilk dəfə MDB-yə sədrlik etmək məsuliyyətini üzərinə götürməyə hazırlaşır. Ermənistan-Azərbaycan münaqişəsinin uzun illər davam etməsi ölkəmizin beynəlxalq və regional əməkdaşlıq imkanlarına təsir göstərən amillərdən biri olub. Bu gün isə Azərbaycan suverenliyini tam bərpa etmiş, regional və beynəlxalq proseslərdə daha fəal iştirak edən dövlətdir. Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatında, Türk Dövlətləri Təşkilatında, CICA-da və MDB-də ölkəmizin artan rolu bu reallığı əks etdirir. Qarşıdakı illərdə Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində sədrliyi və zirvə görüşünə ev sahibliyi, eləcə də 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə toplantısını qəbul etməsi ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi töhfələrin daha bir göstəricisi olacaq”, – deyə Tahir Rzayev vurğulayıb.
Millət vəkili əlavə edib ki, Prezident İlham Əliyevin Türkmənistanda səsləndirdiyi fikirlər Azərbaycanın regional əməkdaşlığın genişləndirilməsinə verdiyi önəmi aydın şəkildə ortaya qoyur. Dövlət başçısının iqtisadi əlaqələrin yalnız ticarət dövriyyəsinin artırılması ilə məhdudlaşmaması, birgə investisiyaların yatırılması, yeni istehsal müəssisələrinin yaradılması və məhsulların xarici bazarlara çıxarılması ilə müşayiət olunması barədə mövqeyi gələcək əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir.
Tahir Rzayevin sözlərinə görə, Azərbaycan–Türkmənistan münasibətlərinin hazırkı səviyyəsi uzun illər ərzində formalaşmış qarşılıqlı etimadın nəticəsidir. Son dövrdə ən yüksək səviyyədə qarşılıqlı səfərlərin intensivləşməsi, dövlət başçıları arasında müntəzəm təmasların qurulması iki ölkənin əlaqələri daha da inkişaf etdirmək niyyətini təsdiqləyir.
Prezident İlham Əliyevin Türkmənistana səfərləri, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana, o cümlədən Qarabağa səfərləri siyasi dialoqun yüksək səviyyəsini nümayiş etdirir. Bu görüşlərdə siyasi məsələlərlə yanaşı, iqtisadiyyat, nəqliyyat, energetika, tranzit, logistika, mədəni-humanitar əlaqələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq istiqamətləri də müzakirə olunur.
Prezident İlham Əliyevin Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı da regional əməkdaşlığın əhəmiyyətini bir daha ortaya qoyub. Dövlət başçısı qeyd edib ki, son illərdə Azərbaycan–Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyini və ikitərəfli əlaqələrin daha da gücləndirilməsi istiqamətində qarşılıqlı niyyəti əks etdirir.
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin Avazada Mərkəzi Asiya dövlət başçıları ilə keçirdiyi görüşlər Azərbaycanın region ölkələri ilə əməkdaşlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu görüşlər zamanı regional əməkdaşlığın, nəqliyyat və logistika əlaqələrinin, enerji təhlükəsizliyinin, investisiyaların, ticarət əlaqələrinin və qarşılıqlı iqtisadi tərəfdaşlığın inkişafı ilə bağlı məsələlərin müzakirə olunması Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin geniş və strateji xarakter daşıdığını göstərir. Avaza görüşü həm də Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı etimadın və birgə fəaliyyət imkanlarının möhkəmləndirilməsi baxımından mühüm platformadır.
Tahir Rzayev bildirib ki, Azərbaycanla Türkmənistanı birləşdirən əsas amillərdən biri Xəzər dənizidir. Xəzər hövzəsi bu gün təkcə coğrafi məkan deyil, həm də beynəlxalq nəqliyyat, enerji və ticarət əlaqələrinin mühüm qovşağıdır. Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələri, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və avtomobil yolları ölkəmizin Mərkəzi Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantısına çevrilməsinə imkan yaradıb.
“Türkmənbaşı limanı ilə Azərbaycan üzərindən keçən marşrutların inkişafı Orta Dəhlizin imkanlarını genişləndirir. Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit ölkədir. Buna görə də nəqliyyat və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi həm ölkələrimizin iqtisadi maraqlarına, həm də regionun qlobal ticarət əlaqələrində rolunun artmasına xidmət edir”, – deyə o bildirib.
Tahir Rzayev vurğulayıb ki, enerji sahəsi də Azərbaycan–Türkmənistan əməkdaşlığının mühüm istiqamətlərindəndir. Hər iki ölkənin enerji ehtiyatları və mövcud potensialı bu sahədə əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanlar yaradır. Energetika sahəsində əməkdaşlığın inkişafı ölkələrin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, regionun enerji təhlükəsizliyinin möhkəmlənməsinə də töhfə verə bilər.
O qeyd edib ki, iyunun 22-də Azərbaycan və Türkmənistan arasında energetika sahəsində əməkdaşlığa dair sazişin imzalanması bu istiqamətdə əlaqələrin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Həmin tarixdə sənaye sahəsində 2026–2028-ci illər üzrə əməkdaşlıq proqramının, eləcə də gömrük, ticarət və digər istiqamətlər üzrə sənədlərin imzalanması iqtisadi münasibətlərin konkret layihələr üzərində qurulmasına xidmət edir.
Komitə sədrinin sözlərinə görə, bu gün Azərbaycan Mərkəzi Asiya ölkələri ilə ticarət, investisiya, sənaye, logistika və nəqliyyat sahələrində əlaqələrini genişləndirir. Qarşılıqlı münasibətlər artıq yalnız məhsul mübadiləsi ilə məhdudlaşmır, birgə müəssisələrin yaradılması, investisiyaların artırılması və istehsal zəncirlərinin formalaşdırılması üçün də imkanlar genişlənir.
“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdə bu dövlətlərin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi iqtisadi əlaqələrin inkişafının aydın göstəricisidir. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarının yaradılması da əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Bu təcrübənin digər istiqamətlərdə genişləndirilməsi üçün də ciddi potensial mövcuddur”, – deyə Tahir Rzayev bildirib.
Millət vəkili Azərbaycanla Türkmənistan arasında kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində əməkdaşlığın perspektivlərinə də toxunub. O bildirib ki, iyunun 22-də iki ölkənin kənd təsərrüfatı nazirlikləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması aqrar sahədə əlaqələrin inkişafı üçün mühüm zəmin yaradır. Qida təhlükəsizliyi sahəsində əməkdaşlıq üzrə sənədlər də bu istiqamətdə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə imkan verir.
Onun sözlərinə görə, qarşıdakı dövrdə aqrar məhsulların ticarəti, emalı, ərzaq təminatı və kənd təsərrüfatında təcrübə mübadiləsi sahələrində əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün faydalı ola bilər. Bu sahədə birgə layihələrin həyata keçirilməsi iqtisadi əlaqələrin şaxələndirilməsinə və qarşılıqlı bazar imkanlarından daha səmərəli istifadəyə şərait yaradacaq.
Tahir Rzayev Azərbaycan və Türkmənistan xalqları arasındakı tarixi, mədəni və mənəvi yaxınlığın münasibətlərin möhkəmlənməsində mühüm rol oynadığını da qeyd edib. Bildirib ki, iki xalqı ortaq dil, adət-ənənələr və mənəvi dəyərlər birləşdirir. Buna görə də əməkdaşlığın yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmaması, mədəni-humanitar əlaqələrin də inkişaf etdirilməsi vacibdir.
Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin inşası bu mənəvi yaxınlığın nümunələrindən biridir. Prezident İlham Əliyevin Türkmənistandakı çıxışında bu məsələyə xüsusi diqqət yetirməsi iki ölkə arasında qardaşlıq münasibətlərinin əhəmiyyətini bir daha göstərir.
Millət vəkili bildirib ki, Azərbaycanla Türkmənistan arasında əməkdaşlığın gələcək inkişafı üçün mövcud imkanlar genişdir. Siyasi dialoqun yüksək səviyyəsi iqtisadi, nəqliyyat, energetika, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. Eyni zamanda, regional platformalarda birgə fəaliyyət iki ölkənin beynəlxalq mövqelərinin möhkəmlənməsinə töhfə verir.
Komitə sədri hesab edir ki, Prezident İlham Əliyevin Türkmənistana səfəri Azərbaycanın regional əməkdaşlıq imkanlarının genişləndirilməsi, Mərkəzi Asiya ölkələri ilə münasibətlərin daha da möhkəmləndirilməsi və ölkəmizin beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm siyasi hadisədir.
“Azərbaycan fəal, çevik və uzaqgörən xarici siyasət həyata keçirir. Ölkəmiz həm ikitərəfli münasibətlərdə, həm də çoxtərəfli regional platformalarda öz mövqelərini ardıcıl şəkildə gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan–Türkmənistan əlaqələrinin bundan sonra da siyasi, iqtisadi, nəqliyyat, energetika və mədəni-humanitar sahələrdə inkişaf edəcəyinə inanırıq. Azərbaycanın 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına sədrliyi və qarşıdakı illərdə beynəlxalq təşkilatlarda üzərinə götürəcəyi məsuliyyətlər ölkəmizin regional əməkdaşlığa töhfələrini daha da artıracaq”, – deyə Tahir Rzayev fikirlərini yekunlaşdırıb.