"İki ölkə arasında əlaqələrin dərinləşməsi regional inkişaf üçün yeni perspektivlər açır" - POLİTOLOQ

9 Oktyabr 2026 12:34 (UTC+04:00)

"Azərbaycan Prezidentinin Türkmənistana səfəri və Türkmənistan Prezidentinin 2026-cı ildə Azərbaycana səfəri eyni strateji istiqamətə xidmət edir. Bu, uzunmüddətli perspektivə hesablanmış, həm Türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsini, həm də Xəzər hövzəsi ölkələri arasında münasibətlərin inkişafını nəzərdə tutan siyasətin tərkib hissəsidir".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında münasibətlərin getdikcə dərinləşməsi regional əməkdaşlığın inkişafına da müsbət təsir göstərir. Hər iki ölkə Xəzər hövzəsində yerləşir və zəngin təbii resurslara malikdir. Bu ortaq imkanlar dövlətləri iqtisadi və strateji sahələrdə daha sıx əməkdaşlığa təşviq edir:

"Türkmənistan Prezidentinin Azərbaycana səfəri zamanı bir sıra sazişlərin imzalanması da bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir. Enerji, logistika, infrastruktur və Xəzər dənizi ilə bağlı məsələlər üzrə əməkdaşlıq hər iki ölkənin qarşılıqlı maraqlarına uyğundur.

Azərbaycan üçün Türkmənistan Mərkəzi Asiya dövlətlərinə çıxış baxımından mühüm tərəfdaşdır. Türkmənistan üçün isə Azərbaycan Xəzər dənizi üzərindən Cənubi Qafqaza, Türkiyəyə və Avropa bazarlarına çıxış imkanlarını genişləndirir. Beləliklə, iki ölkə arasında əlaqələr yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, daha geniş regional və beynəlxalq əməkdaşlıq üçün də imkanlar yaradır.

Bu baxımdan, Orta Dəhlizin əhəmiyyətini də xüsusi qeyd etmək lazımdır. Hər iki dövlət bu marşrut boyunca logistika və infrastruktur imkanlarının inkişafında maraqlıdır. Orta Dəhlizin potensialından səmərəli istifadə həm Azərbaycanın, həm də Türkmənistanın iqtisadi imkanlarının genişlənməsinə, beynəlxalq ticarətdə mövqelərinin möhkəmlənməsinə töhfə verə bilər.

Ona görə də bu səfərlərə yalnız protokol xarakterli diplomatik tədbirlər kimi yanaşmaq düzgün olmazdı. Burada əsas məsələ regional əməkdaşlığın, iqtisadi əlaqələrin, nəqliyyat-logistika imkanlarının və enerji infrastrukturunun inkişafıdır. Eyni zamanda, bu proses Türk dünyası daxilində əlaqələrin gücləndirilməsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Azərbaycan və Türkmənistan müstəqillik əldə etdikdən sonra iqtisadi və siyasi inkişaf istiqamətində öz yollarını müəyyənləşdiriblər. Bu gün hər iki dövlət regional imkanlardan yararlanmaqla dünya bazarlarına inteqrasiyanı gücləndirməyə, Asiya ilə Avropa arasında əlaqələrin inkişafında daha fəal rol oynamağa çalışır. Türk dünyası ilə əməkdaşlığın möhkəmləndirilməsi də bu strategiyanın mühüm istiqamətlərindən biridir".