Diplomsuz yüksək gəlirli iş tapmaq hansı sahələrdə mümkündür? - TƏHSİL EKSPERTİ

9 Oktyabr 2026 11:37 (UTC+04:00)

"Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzun hazırlığı və əmək bazarının tələblərinə uyğunlaşması ilə bağlı müəyyən problemlər mövcuddur. Məzunlar əmək bazarında asanlıqla iş tapa bilmirlər. Halbuki hazırda tələbatın yüksək olduğu və əksər ali təhsil müəssisələrində tədris edilən ixtisaslar var".

Bunu SİA-ya açıqlamasında təhsil eksperti Məzahir Məmmədli deyib.

Onun sözlərinə görə, bunlara informasiya texnologiyaları, kompüter mühəndisliyi və kompüter elmləri kimi sahələr daxildir. Lakin həmin ixtisaslar üzrə məzun olan şəxslər belə əlavə bilik və bacarıqlar əldə etmədən əmək bazarında yaxşı iş tapmaqda çətinlik çəkirlər:

"Bu gün Azərbaycanda bakalavriat pilləsindən sonra ali təhsilin növbəti mərhələlərinə marağın azalması da diqqət çəkir. Magistratura və doktorantura səviyyələrində təhsil almağa maraq göstərənlərin sayı nisbətən azdır. Bunun əsas səbəblərindən biri əmək bazarında magistratura və doktorantura təhsilinə tələbatın kifayət qədər olmamasıdır.

Belə bir şəraitdə insan ali təhsilini başa çatdırmadan da öz üzərində işləyərək yüksək bilik və bacarıqlara malik mütəxəssis kimi formalaşa bilirsə, diplomun fərqlənmə ilə və ya adi qaydada alınması onun peşəkar inkişafında həlledici amilə çevrilmir. Ümumiyyətlə, bəzi hallarda diplomun növünə görə daha yüksək əməkhaqqı almaq imkanı da mövcud deyil.

Məsələn, hər hansı müəssisədə çalışanlar arasında diplomu olmayan, lakin daha bilikli, bacarıqlı və işinin öhdəsindən daha yaxşı gələn mütəxəssis varsa, onun əməkhaqqı ilə digər əməkdaşların maaşı arasında ciddi fərq olmaya bilər. Bu amillər də Azərbaycanda bakalavriatdan sonrakı ali təhsil pillələrinə marağın azalmasına təsir göstərir".