Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri dostluğa, qardaşlığa əsaslanır - TƏHLİL

9 Oktyabr 2026 10:52 (UTC+04:00)

Azərbaycanın Türk dünyası ilə, o cümlədən Mərkəzi Asiya ölkələri ilə münasibətləri dostluğa, yaxın tərəfdaşlığa və qardaşlığa əsaslanır. Təbii ki, dost, qardaş ölkələrlə imzalanan müqavilələr, qurulan isti münasibətlər dövlətlərarası əlaqələrin daha da inkişaf etdirlməsinə, xalqların bir-birinə dəstəyinin və etimadının güclənməsinə təkan verir. Bir faktı qeyd etmək lazımdır ki, nəqliyyat sahəsində yaranan geniş və diqqətçəkən əlaqələr təkcə Mərkəzi Asiya ölkələrini deyil, eləcə də Yaxın Şərqi, Avropanı birləşdirir. Əsaslı olaraq oktyabrın 8-də Türkmənistanda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə qeyd edib ki, Mərkəzi Asiya ölkələri ilə energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur: "Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik".

Prezident İlham Əliyevin oktyabrın 8-də Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün Türkmənistana işgüzar səfəri Azərbaycan-Türkmənistan əlaqələrinin genişlənməsi ilə yanaşı, ölkəmizin Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da inkişaf etdirlməsinə xidmət etməsi baxımdan mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyev Türkmənistanın paytaxtında ən yüksək səviyyədə hökumət və dövlət başçıları tərəfindən qarşılanıb. Bu isti münasibət Azərbaycanla Türkmənistan arasında əlaqələrin müttəfiqlik səviyyəsinə yüksəldiyinin nümunəsi sayıla bilər. Elə həmin gün Türkmənistanın Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün Birgə Bəyanatı"nı və "Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünün tənzimləyici sənədləri haqqında Qərar"ı imzalayıblar.

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uzun müddət yaddaşlardan silinməyəcək və dünya mediasının müzakirə mövzusu olacaq çıxış edib. Prezident İlham Əliyev çıxışında ilk olaraq dəvətə və ənənəvi qonaqpərvərliyə görə Türkmənistan Prezidentinə təşəkkürünü bildirib. Qeyd edib ki, yenidən qardaş Türkmənistanda, gözəl Avazada olmaqdan şadam: "Keçən ilin noyabrında Azərbaycan Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatının tamhüquqlu üzvü oldu. Bu tarixi qərarı yekdilliklə dəstəklədikləri üçün bütün hörmətli həmkarlarıma bir daha təşəkkürümü bildirirəm. Bu baxımdan Türkmənistanın və şəxsən hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun rolunu qeyd etmək istəyirəm. O, ötən ilin avqust ayında məhz burada - Avazada Azərbaycanın bu formatda tamhüquqlu iştirakı təşəbbüsü ilə çıxış etdi. Son illərdə Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir. Ötən ildən başlayaraq ən yüksək səviyyədə artıq beş səfər həyata keçirilib. Bu, siyasi dialoqumuzun intensivliyini və ikitərəfli əlaqələrimizi daha da gücləndirmək üçün qarşılıqlı niyyətimizi əks etdirir. Hörmətli Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədovun təşəbbüsü ilə Füzuli şəhərində məscidin tikintisini xüsusi qeyd etmək istərdim. Keçən il onun təməlinin qoyulmasında birlikdə iştirak etdik. Qardaş Türkmənistanın ölkəmizə bu hədiyyəsi xalqlarımız arasındakı dostluğun və mənəvi yaxınlığın daha bir təzahürüdür".

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında diqqəti Azərbaycanın azad edilmiş ərazilərinin bərpasında qardaş dəstəyinə yönəldib. Bildirib ki, Özbəkistan artıq Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstan Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi və Qırğızıstan Ağdamda Manas adına məktəb inşa edib: "Biz bu yardımı çox yüksək qiymətləndiririk.Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb. Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar məbləğindədir. Hesab edirəm ki, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün, ilk növbədə, onların potensialından daha fəal şəkildə istifadə olunmalıdır. Biz yalnız qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq.Əməkdaşlığımızın əsas sahələrindən biri nəqliyyatdır. Xəzər dənizi ölkələrimiz arasında nəqliyyat qarşılıqlı əlaqələrində getdikcə daha vacib rol oynayır. Xəzərin hər iki sahilindəki nəqliyyat infrastrukturu Mərkəzi Asiyanı Azərbaycanla və daha sonra beynəlxalq bazarlarla birləşdirmək üçün çox mühüm əhəmiyyətə malikdir. Son illərdə nəqliyyat imkanlarımızı davamlı şəkildə genişləndiririk. Biz nəqliyyat infrastrukturuna, dəniz limanlarının, aeroportların, dəmir və avtomobil yollarının inkişafına böyük sərmayə qoymuşuq. Bu gün Xəzər dənizi vasitəsilə daşımaların həcmlərində əhəmiyyətli dərəcədə artım müşahidə edirik. Ortaq məqsədimiz bu marşrutları daha səmərəli və rəqabətədavamlı etməkdir. Paralel olaraq, "Rəqəmsal İpək Yolu" layihəsi həyata keçirilir və Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişafı üçün işlər görülür. Orta Dəhliz getdikcə daha mühüm əhəmiyyət kəsb edir - keçən il bu marşrut üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox, bu ilin ilk səkkiz ayında isə təxminən daha 20 faiz artıb".

Eyni zamanda, Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub. Görüş zaamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlanıb, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olunub. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib.

Göründüyü kimi, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə geniş əlaqələr qurur və bu əlaqələr getdikcə daha da inkişaf edir. Söz yox ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə birliyini möhkəmləndirən mövqe sərgiləməsi, siyasət aparması Prezident İlham Əliyevin müdrik fəaliyyətinin, uzaqgörən siyasətinin bəhrəsidir. Bu siyasətin məntiqi nəticəsi Türk dünyasının gələcək inkişafının daha da möhkəmlənməsinə xidmət edir.

İ.ƏLİYEV