Müasir dövrdə internet və sosial şəbəkələr gənclərin dünyagörüşünün formalaşmasına ciddi təsir göstərir. İnformasiya imkanlarının genişlənməsi ilə yanaşı, müxtəlif ideoloji təsirlərin yayılması da sürətlənir. Belə şəraitdə gənclərin düzgün məlumatı yanlış informasiyadan ayırmaq, hadisələrə tənqidi yanaşmaq və müstəqil qərarlar qəbul etmək bacarıqlarının inkişaf etdirilməsi vacibdir.
SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov konfransda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, müasir dövrdə yalnız informasiya təhlükəsizliyi deyil, düşüncə təhlükəsizliyi məsələsi də xüsusi diqqət tələb edir. Gənclərin bilikli olması ilə yanaşı, əldə etdikləri məlumatları düzgün qiymətləndirməsi və qərarlarını sağlam dəyərlər sistemi əsasında verməsi əhəmiyyətlidir.
Ramin Məmmədov qeyd edib ki, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar və aidiyyəti dövlət qurumları bu istiqamətdə birgə fəaliyyət göstərməlidirlər. Maarifləndirmə işinin gücləndirilməsi gənclərin zərərli ideoloji təsirlərdən qorunmasına və onların sağlam dünyagörüşünə malik vətəndaşlar kimi formalaşmasına töhfə verə bilər.
Komitə sədri əlavə edib ki, gənclərlə iş zamanı müasir informasiya vasitələrinin imkanlarından səmərəli istifadə olunması və onların ehtiyaclarına uyğun maarifləndirici təşəbbüslərin həyata keçirilməsi vacibdir.