Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması Azərbaycanın gələcək inkişafı və dövlətçilik ənənələrinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Gənclər yalnız tariximizi və ənənələrimizi bilməklə kifayətlənməməli, həm də dövlət qarşısında məsuliyyətlərini dərk edən, müstəqil düşünən və cəmiyyətin inkişafına töhfə verən vətəndaşlar kimi yetişməlidirlər.
SİA xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov “Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O qeyd edib ki, milli-mənəvi dəyərlər yalnız keçmişdən miras qalan irs deyil, həm də dövlətçiliyin gələcəyini təmin edən əsas amillərdəndir. Bu baxımdan gənclərin milli ruhda tərbiyəsi, tarixi keçmişimizə bağlılığının gücləndirilməsi və dövlətçilik düşüncəsinin formalaşdırılması mühüm vəzifələrdəndir.
Komitə sədri vurğulayıb ki, hər bir gənc dövlətimizin əldə etdiyi nailiyyətlərin hansı tarixi proseslərin və nəsillərin səylərinin nəticəsində qazanıldığını dərk etməlidir. Milli-mənəvi tərbiyənin əsas nəticəsi öz kimliyini anlayan, düzgün seçimlər edən və dövlət qarşısında məsuliyyətini bilən vətəndaşın yetişməsidir.