“Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında cənab Prezident İlham Əliyev çıxış edərək həm dövlət, həm cəmiyyət, həm də siyasi iqtidar partiyası olaraq YAP-ın önəmli mesajlarını verdi. Orada biz ərazi bütövlüyümüz və suverenliyimiz uğrunda apardığımız mübarizə ilə bağlı yaxın tariximizin bəzi məsələlərinə dair yeni nüanslar, elementlər eşitdik”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, eyni zamanda ölkənin ideoloji və milli təhlükəsizlik konsepsiyası ilə bağlı maraqlı fikirlərin şahidi olduq:
“Eləcə də Azərbaycanın indiki şəraitdə həm xarici siyasəti, həm də daxili iqtisadi investisiya strategiyası ilə bağlı maraqlı fikirlər eşitdik. Əlbəttə, bunlar ümumi şəkildə götürəndə dövlətimizin yeni inkişaf mərhələsinin sistemini və modelini müəyyənləşdirir. Xüsusilə də ölkənin müdafiə qüdrətinin daha da möhkəmləndirilməsi çox ciddi arqumentlərlə əsaslandırıldı.
Burada biz həm müasir, narahat dünyada yaşadığımıza görə hər bir dövlətin güclü olmalı olduğu barədə mühüm tezisi eşitdik. Müasir dünyada münasibətlər o qədər dəyişkən və risklidir ki, hər bir ölkə ilə bağlı istənilən an kənardan risklər yaradıla bilər. Bu məntiqlə yanaşsaq, dövlət başçısı tamamilə haqlıdır ki, illər keçdikcə Azərbaycanın müdafiə qüdrəti möhkəmləndirilməlidir.
Buna görə də 2027-ci ildə dövlət büdcəsinin 9 milyarda qaldırılması tam təbii və normaldır. Eləcə də dünyada gedən proseslərdən başqa, bizim nankor qonşularımız da var. Cənab Prezident haqlı olaraq bu qonşuların nankor olduğunu və istənilən vaxt Azərbaycana qarşı yenidən baş qaldıra biləcəklərini istisna etmədiyini bildirdi ki, bu da qabaqlayıcı hərbi tədbirlərin görülməsini zəruri edən bir çağırışdır.
Bundan başqa, ölkənin investisiya strategiyası üçün çox önəmli fikirlər bildirildi. İndi hazırda bu istiqamətdə əsas vəzifənin qeyri-neft sektoruna kənardan investisiyaların cəlb olunmasından ibarət olması cənab Prezident İlham Əliyevin çıxışının konkret nəyə ünvanlandığını söyləməyə əsas verir. Biz indiyə qədər neftə, qaza xaricdən sərmayə cəlb edirdiksə, bugün ölkənin qeyri-neft sektorunun inkişaf təməllərinə söykənərək məhz bu sahəyə daha çox sərmayə cəlb olunması qarşıda dayanan prioritet vəzifəyə çevrilir.
Azərbaycanın müstəqilliyinə təminat verən iradəli və dəqiq xarici siyasətinin təhlükəsizliyin ən böyük amili kimi qiymətləndirilməsi bu çıxışın mühüm xüsusiyyətlərindən biridir. Həqiqətən də dövlətin təhlükəsizliyi təkcə sərhədlərin möhkəmləndirilməsindən, ordudan, sərhəd xidmətinin gücləndirilməsindən asılı deyil. Bununla bərabər, dövlətin və millətin təhlükəsizliyi həm də düzgün xarici siyasət qurmaqdan asılıdır.
Əgər ölkənin xarici siyasəti düzgün qurulursa, ölkənin kifayət qədər müttəfiqləri varsa, region ölkələri ilə münasibətlər sülh müstəvisində gedirsə, düşmənləri neytrallaşdıran əks-gəlişlər edilirsə, bu, ağıllı xarici siyasətin qurulmasından xəbər verir və dövləti bir çox risklərdən azad edir. Prezident də məhz bunu nəzərdə tutaraq, Azərbaycanın həm ölkələrlə, həm də beynəlxalq təşkilatlarla xarici siyasətinin təhlükəsizliyə təminat yaratmaq yönümündə qurulduğunu xüsusi vurğuladı.
Beləliklə, cənab Prezidentin çıxışı həm yaxın tariximizin ideoloji təminatının bəzi suallarına düzgün cavabların verilməsi və ideoloji izahının aparılması, həm ölkənin iqtisadi strategiyasının müəyyənləşdirilməsi, həm də bloklara qoşulmayan xarici siyasətin davam etdirilməsinin zəruriliyi barədə aydın təsəvvür yaratdı ki, bu da çox əhəmiyyətlidir”.