Arıqlama videoları nə qədər təhlükəsizdir: sosial media sağlamlıq məsləhətçisinə çevrilir? - AÇIQLANDI

8 Oktyabr 2026 13:46 (UTC+04:00)

Sosial mediada arıqlama ilə bağlı videoların çoxalmasının həm müsbət, həm də riskli tərəfləri var. İnsanların sağlam qidalanmaya marağının artması yaxşı haldır, amma problem ondadır ki, sosial mediada yayılan hər məsləhət elmi və hər kəs üçün uyğun deyil.

Bu sözləri SİA-ya diyetoloq Ceyhunə Yusifova deyib.


O bildirib ki, xüsusilə “7 günə 5 kilo”, “bu içkini iç, qarın piylərin ərisin”, “karbohidratı tam kəs”, “gündə 800–1000 kalori ilə arıqla” kimi yanaşmalar insanları sürətli nəticəyə həvəsləndirsə də, sağlam və davamlı çəki itkisi baxımından düzgün yanaşma sayılmır:

“Çünki arıqlama proqramı fərdi olmalıdır. İnsanın yaşı, çəkisi, boyu, gündəlik aktivliyi, sağlamlıq vəziyyəti, analiz nəticələri, istifadə etdiyi dərmanlar və qidalanma vərdişləri nəzərə alınmalıdır. Bir insanda nəticə verən menyu və ya üsul digər insanda eyni nəticəni verməyə, hətta sağlamlıq problemi yaratmağa bilər.

Çox aşağı kalorili və balanssız pəhrizlərdə insan sadəcə piy deyil, əzələ və su da itirə bilər. Uzun müddət davam etdikdə qida çatışmazlığı, halsızlıq, həzm problemləri və sonradan itirilən çəkinin geri qayıtması kimi problemlərlə qarşılaşmaq mümkündür.
Məncə, sosial media maarifləndirmə vasitəsi ola bilər, amma həkim və ya diyetoloqu əvəz etməməlidir. Videodan ümumi məlumat almaq olar, amma diaqnoz qoymaq, xəstəliyi müalicə etmək və ya fərdi arıqlama proqramını təsadüfi sosial media məsləhətləri əsasında qurmaq doğru deyil.

Əsas məqsəd sadəcə tərəzidə rəqəmi azaltmaq yox, sağlam şəkildə piy kütləsini azaltmaq, əzələ kütləsini qorumaq və əldə edilən nəticəni uzun müddət saxlamaq olmalıdır”.

Ayşən Vəli