İnformasiya Texnologiyaları İnstitutunda beynəlxalq elmi bazalardan səmərəli istifadə məsələlərinə həsr olunmuş təlim keçirilib

8 Oktyabr 2026 13:31 (UTC+04:00)

Elm və Təhsil Nazirliyi (ETN) ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilə çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi, ETN İnformasiya Texnologiyaları İnstitutu və Clarivate şirkətinin yerli nümayəndəliyinin birgə təşkilatçılığı ilə institutda “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazasından səmərəli istifadə məsələlərinə həsr olunmuş təlim keçirilib.

SİA xəbər verir ki, təlimdə Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisə və təşkilatları təmsil edən 120-dən çox nümayəndə iştirak edib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev açaraq Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən ölkədə elmin inkişafı, elmi fəaliyyətin səmərəliliyinin artırılması və Azərbaycan elminin beynəlxalq məkanda rəqabət qabiliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl və məqsədyönlü tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Akademik Rasim Əliquliyev müasir dövrdə süni intellekt texnologiyalarının və rəqəmsal analitik alətlərin tətbiqinin elmi-tədqiqat fəaliyyətinə yeni yanaşmalar gətirdiyini qeyd edib. Alimin sözlərinə görə, beynəlxalq elmi bazalarından məqsədyönlü istifadə tədqiqatçılara mövzu üzrə mövcud elmi bilikləri daha sistemli təhlil etmək, aktual tədqiqat istiqamətlərini müəyyənləşdirmək, beynəlxalq elmi tendensiyaları izləmək və elmi araşdırmaların keyfiyyətini yüksəltmək imkanları təqdim edir.

İnstitutun baş direktoru ETN ilə “Clarivate” şirkəti arasında imzalanmış milli müqavilənin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, ölkə üzrə beynəlxalq elmi bazalara birbaşa çıxış imkanının yaradılması tədqiqatçıların elmi resurslardan istifadəsini genişləndirir, araşdırmaların keyfiyyətinin yüksəldilməsinə və beynəlxalq elmi standartlara uyğunlaşdırılmasına töhfə verir.

Akademik Rasim Əliquliyev Azərbaycan alimlərinin elmi nəticələrinin nüfuzlu, yüksək impakt faktorlu beynəlxalq jurnallarda dərc olunmasının və mötəbər elmi konfranslarda təqdim edilməsinin vacibliyini də diqqətə çatdırıb. Bildirib ki, bu, Azərbaycan elminin beynəlxalq səviyyədə tanıdılması, yerli tədqiqatçıların qlobal elmi şəbəkələrə inteqrasiyası və beynəlxalq qrant layihələrində iştirak imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd olunub ki, təşkil olunan təlimin əsas məqsədinin tədqiqatçıların beynəlxalq elmi mühitə inteqrasiyasını gücləndirmək, onların qabaqcıl elmi bazaların imkanlarından daha geniş istifadə etmələrinə şərait yaratmaq olduğunu bildirib.

Akademik Rasim Əliquliyev çıxışının sonunda beynəlxalq elmi bazaların süni intellekt əsaslı yeni xidmətlərindən istifadənin əhəmiyyətini vurğulayıb, tədqiqatçıları bu resursların imkanlarından fəal yararlanmağa çağırıb və təlimin işinə uğurlar arzulayıb.

Sonra “Clarivate” şirkətinin Azərbaycan üzrə təmsilçisi Xəyalə Hacıyeva çıxış edərək Azərbaycanın elmi potensialının beynəlxalq elmi platformalarda təmsil olunması və tədqiqat nəticələrinin qlobal elmi ictimaiyyət üçün əlçatanlığının genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, Azərbaycandan DOAJ beynəlxalq açıq elmi jurnallar kataloqunda indekslənən ilk jurnalın məhz İnformasiya Texnologiyaları İnstitutunun “İnformasiya Cəmiyyəti Problemləri” jurnalı olduğunu diqqətə çatdırıb. Xəyalə Hacıyeva, həmçinin dövlət proqramı çərçivəsində universitet və elmi müəssisələrdə rəqəmsal repozitoriyaların yaradıldığını, bu platformaların elmi tədqiqatların və dissertasiya işlərinin beynəlxalq miqyasda əlçatanlığını təmin etdiyini bildirib. Şirkət təmsilçisi “Web of Science” və “ProQuest” akademik informasiya resurslarının imkanlarından səmərəli istifadə üçün dəstəyinin göstərilməsinin əhəmiyyətini vurğulayıb, təlim üçün yaradılan şəraitə görə institut rəhbərliyinə təşəkkürünü bildirib.

“Clarivate” müştəri məmnuniyyəti üzrə menecer Handan İliç çıxış edərək “ProQuest Central” akademik informasiya bazasının imkanları, elmi tədqiqatda istifadəsi və elmi mənbələrə çıxışın genişləndirilməsində rolu barədə məlumat verib. O, Azərbaycan, Türkiyə, Baltikyanı ölkələr və Bolqarıstanın müvafiq qurumlarının nümayəndələri üçün bu istiqamətdə təlimlərin keçirildiyini diqqətə çatdırıb. Handan İliç akademik informasiya resurslarından səmərəli istifadənin tədqiqatçıların zəruri elmi ədəbiyyatı əldə etməsi, tədqiqat prosesinin dəstəklənməsi və elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsi baxımından önəmini vurğulayıb.

Daha sonra “Clarivate” Müştəri Məmnuniyyəti üzrə menecer Handan İliç “Tədqiqat yolunuzu ProQuest Central ilə başladın”, “Clarivate” şirkətinin Azərbaycan üzrə təmsilçisi Xəyalə Hacıyeva isə “Elmi tədqiqatdan təsirə: “Clarivate” platformaları ilə effektiv tədqiqat strategiyası” mövzularında təqdimatla çıxış ediblər. Təlimçilər iştirakçılara “Clarivate” resursları – “ProQuest Central” akademik informasiya bazası və “Web of Science” elmmetrik bazası haqqında ətraflı məlumat verib, həmçinin bu resurslardan elmi tədqiqat prosesində səmərəli istifadə imkanlarını nümayiş etdiriblər.

Sonda təqdim olunan resurslar ətrafında geniş müzakirə aparılıb, təlim iştirakçılarının çoxsaylı sualları cavablandırılıb və gələcək fəaliyyət üçün prioritetlər müəyyənləşdirilib.