"Azərbaycanın türk dünyası ölkələri, o cümlədən Türkmənistanla çox yaxşı münasibətləri var. Cənab Prezidentimiz iki il bundan əvvəl andiçmə mərasimində “Bizim ailəmiz türk dünyasıdır” ifadəsini işlətmişdi. Buna qədər də Azərbaycanla türk dövlətləri arasında münasibətlər hərtərəfli inkişaf edirdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə səsləndirib.
Onun sözlərinə görə, son illərdə Azərbaycanla türk dövlətləri arasında əlaqələrin genişləndiyinin, birgə layihələrin həyata keçirildiyinin və əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin şahidi oluruq: "Türkmənistanla da hərtərəfli əlaqələrimiz günbəgün artır.
Türkmənistanın lideri dəfələrlə Azərbaycana səfər edib. Cənab Prezidentimizin Türkmənistana səfərləri zamanı isə o, ən yüksək qonaq səviyyəsində qarşılanır. İqtisadi, humanitar, mədəni və parlamentlərarası əlaqələrimiz günbəgün inkişaf edir.
Hesab edirəm ki, cənab Prezidentimizin bugünkü Mərkəzi Asiya Ölkələri Dövlət Başçıları Məşvərət Şurasının iclasında iştirak etmək üçün Türkmənistana səfəri həm ümumilikdə Mərkəzi Asiya ölkələri, həm də Türkmənistanla münasibətlərin bir daha hərtərəfli müzakirə edilməsi və əməkdaşlığın yeni formalarının tapılması istiqamətində böyük işlərin görülməsinə imkan yaradacaq".