"Şagirdlərin psixoloji sağlamlığının qorunması, onların dərsə adaptasiya olunması və motivasiyasının artırılması üçün düşünürəm ki, müəllimlərin ilk növbədə psixoloji təlimlərdə aktiv iştirakı vacibdir". Bu fikirləri SİA-ya açıqlamasında psixoloq Vüsalə Əmiraslanova bildirib.
Onun sözlərinə görə, çünki psixoloji təlimlər artıq, demək olar ki, dövrümüzün ən vacib təlimlərindən və ən mühüm addımlarından biridir: "Bundan əlavə, təkcə məktəb psixoloqu deyil, məktəbin özündə də müxtəlif psixoloqların iştirakı ilə görüşlər təşkil olunmalıdır. Uşaqlar valideynləri ilə birlikdə müxtəlif psixoloji tədbirlərdə iştirak etməlidirlər.
Həmçinin dərs yükünün daha da yüngülləşdirilməsinə ehtiyac var. Bu da artıq xüsusi qurumların edə biləcəyi bir məsələdir. Dərs yükünü azaltmaqla uşaqlara incəsənətə, musiqiyə və özünüinkişafa vaxt ayırmaq imkanı verməliyik.
Fənni sevdirmək üçün isə yeni metodikalardan və interaktiv dərs formalarından istifadə edilməlidir. Çünki uşaqlar artıq ənənəvi üsullardan çox yorulublar. Uşaqlar elə bir yaş dövründədirlər ki, kompüter və ya telefon vasitəsilə dərs keçdikləri zaman müəyyən çətinliklər yaşayır və artıq həmin vasitələrdən ayrıla bilmirlər. Bu da onların asılı vəziyyətə düşməsinə səbəb olur.
Ona görə də uşaqlara daha çox oyun formasında dərslər keçirilməli, onların qavraya biləcəyi dildə izahlar verilməlidir. Həmçinin müəllimlərin və psixoloqların özlərinin də daim müxtəlif təlimlərdə iştirak etmələri vacibdir".