“Azərbaycan-Türkmənistan birliyi Orta Dəhlizin imkanlarını genişləndirir” -DEPUTAT DANIŞDI

8 Oktyabr 2026 12:10 (UTC+04:00)

Azərbaycan-Türkmənistan münasibətləri son dövrdə yüksələn xətlə inkişaf edir. İki ölkə arasında əlaqələr mehriban qonşuluq, dostluq və qardaşlıq prinsiplərinə əsaslanır. Türkmənistan Xəzər dənizinin şərqində, Azərbaycan isə qərbində yerləşməklə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm strateji körpü rolunu oynayır.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Deputat bildirib ki, Türkmənistan Türk dünyasının ayrılmaz hissəsi olmaqla yanaşı, Mərkəzi Asiyanın mərkəzində yerləşən, zəngin təbii resurslara malik mühüm strateji dövlətdir. Onun sözlərinə görə, Azərbaycan Prezidentinin Türkmənistana səfəri iki ölkə arasında münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

“Azərbaycan və Türkmənistan Xəzər dənizinin iki sahilində yerləşən qardaş və dost ölkələrdir. Orta Dəhlizin inkişafı, Transxəzər marşrutunun səmərəli fəaliyyət göstərməsi və Türkmənistanın dəniz limanları vasitəsilə yükdaşımaların genişləndirilməsi iki ölkə arasında əməkdaşlığın əhəmiyyətini daha da artırır”, - deyə Tural Gəncəliyev vurğulayıb.

O qeyd edib ki, Orta Dəhlizin geosiyasi və iqtisadi əhəmiyyətinin artması fonunda Azərbaycan-Türkmənistan əməkdaşlığı xüsusi önəm kəsb edir. Deputatın sözlərinə görə, Xəzər üzərindən keçən marşrut Mərkəzi Asiya ilə Azərbaycan və Avropa arasında nəqliyyat bağlantısının gücləndirilməsinə imkan yaradır.

Tural Gəncəliyev Türkmənistanın enerji resurslarının da Azərbaycanla əməkdaşlıq üçün geniş perspektivlər yaratdığını bildirib. Onun sözlərinə görə, neft-qaz, bərpaolunan enerji, elektrik enerjisi, yaşıl enerji və yaşıl hidrogen istiqamətlərində birgə layihələrin həyata keçirilməsi mümkündür.

“Azərbaycan-Türkmənistan əməkdaşlığı təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Türk dünyasının inkişafı baxımından əhəmiyyətlidir. İki ölkə arasında əlaqələrin güclənməsi Türk dünyasının iqtisadi və nəqliyyat imkanlarının genişlənməsinə də xidmət edir”, - deyə deputat qeyd edib.

Deputat əlavə edib ki, Türkmənistanın Mərkəzi Asiyada yerləşməsi onun Azərbaycan üçün strateji əhəmiyyətini daha da artırır. Bu coğrafiya vasitəsilə Mərkəzi Asiyaya, Əfqanıstan üzərindən isə Cənubi Asiya istiqamətinə çıxış imkanları mövcuddur.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan-Türkmənistan əməkdaşlığının yeni istiqamətlər üzrə genişləndirilməsi mümkündür. Buraya nəqliyyat və enerji layihələri ilə yanaşı, rəqəmsal texnologiyalar, süni intellekt, yüksək texnologiyalar və nadir metallar sahəsində əməkdaşlıq da daxildir.

“Türkmənistan-Azərbaycan qardaşlığının inkişafı üçün geniş imkanlar mövcuddur. Bu əməkdaşlıq həm iki ölkənin, həm də bütövlükdə regionun strateji əhəmiyyətinin daha da artmasına şərait yaradır”, - deyə Tural Gəncəliyev bildirib.