"Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışı Azərbaycanın müasir dövlətçilik tarixində yeni mərhələnin siyasi və strateji prioritetlərini müəyyənləşdirən mühüm mesajlarla yadda qaldı. Bu qurultayın əsas fərqləndirici xüsusiyyəti Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilməsi idi".
Bu barədə SİA-ya açıqlamasında politoloq Züriyyə Qarayeva deyib.

"Xüsusilə hərbi potensialın daha da gücləndirilməsi ilə bağlı fikirlər mühüm əhəmiyyət daşıyır. Prezidentin bu istiqamətdə verdiyi mesajlardan aydın olur ki, müharibənin başa çatması və Ermənistanla sülh prosesinin irəliləməsi təhlükəsizlik məsələlərinin aktuallığını azaltmır. Əksinə, dünyada geosiyasi qarşıdurmaların və regional münaqişələrin davam etdiyi bir şəraitdə Azərbaycanın müdafiə imkanlarının gücləndirilməsi uzunmüddətli sabitliyin təmin olunması baxımından strateji zərurət kimi təqdim edilir. Bu yanaşma onu göstərir ki, dövlətin təhlükəsizlik siyasəti yalnız mövcud təhdidlərə cavab verməklə məhdudlaşmır, eyni zamanda, gələcək risklərin qarşısının alınmasına hesablanır.
Cənab Prezidentin çıxışında diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın müstəqil xarici siyasət kursunun davam etdirilməsi, iqtisadi dayanıqlığının möhkəmləndirilməsi və beynəlxalq münasibətlər sistemində rolunun artırılması ilə bağlı idi. Xüsusilə Azərbaycanın artıq orta güc dövləti kimi qiymətləndirilməsinə dair fikirlər ölkənin regional çərçivədən kənara çıxan siyasi və iqtisadi imkanları kontekstində əhəmiyyətlidir. Bu baxımdan Azərbaycan üçün əsas strateji məqsəd böyük güclər arasında rəqabətin dərinləşdiyi şəraitdə milli maraqlara əsaslanan qərarvermə müstəqilliyini qorumaqdır. Eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi, iqtisadi inkişaf və sosial rifah məsələləri dövlət siyasətinin bir-birini tamamlayan istiqamətləri kimi ön plana çıxır.
Hesab edirəm ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışının əsas siyasi mahiyyəti də məhz bundan ibarətdir: Azərbaycan ərazi bütövlüyünün bərpasından sonrakı mərhələdə əldə etdiyi nəticələri qorumaqla yanaşı, yeni beynəlxalq reallıqlara uyğun təhlükəsizlik, diplomatiya və inkişaf strategiyasını formalaşdırmağa çalışır".