"Ceyhun Bayramovun oktyabrın 7-də Türkmənistanda keçirilən Mərkəzi Asiya dövlətləri və Azərbaycan xarici işlər nazirlərinin müşavirəsində iştirakı iki ölkə arasında münasibətlərin daha geniş regional proseslərin tərkibində inkişaf etdiyini göstərir. Xüsusilə Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçıları Məşvərət Görüşü formatına tamhüquqlu üzv qəbul edilməsindən sonra Bakı ilə region ölkələri arasında münasibətlər ikitərəfli əlaqələrdən daha geniş, institusional xarakter almağa başlayıb".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə, Azərbaycan–Türkmənistan münasibətlərində son dövrdə siyasi dialoqun intensivləşməsi diqqət çəkir. 2025-ci ildə iki ölkə liderlərinin qarşılıqlı səfərləri, 2026-cı ildə isə xarici işlər nazirləri səviyyəsində davam edən təmaslar münasibətlərin strateji tərəfdaşlıq çərçivəsində dərinləşdirildiyini göstərir. Tərəflər iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-logistika, Xəzər dənizi, humanitar və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsini prioritet istiqamətlər kimi müəyyənləşdirirlər:
"Bu münasibətlərdə ən mühüm istiqamətlərdən biri nəqliyyat və tranzitdir. Türkmənistanın Mərkəzi Asiyanın dərinliklərinə, Azərbaycanın isə Cənubi Qafqaz və Avropaya çıxış imkanları iki ölkəni təbii tranzit tərəfdaşına çevirir. Xəzər dənizi bu baxımdan birləşdirici platformaya çevrilir. Bakı–Türkmənbaşı xətti və daha geniş mənada Orta Dəhliz Mərkəzi Asiya ilə Avropa arasında alternativ logistika bağlantılarının inkişafında mühüm rol oynaya bilər. Türkmənistan tərəfi də Azərbaycanla nəqliyyat və tranzit əməkdaşlığının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi qiymətləndirir.
Enerji əməkdaşlığının da xüsusi çəkisi var. Türkmənistan böyük enerji resurslarına malik ölkə, Azərbaycan isə enerji resurslarının ixracı və beynəlxalq enerji-nəqliyyat infrastrukturu baxımından mühüm mövqeyə sahib dövlətdir. Buna görə iki ölkənin əməkdaşlığı təkcə ikitərəfli enerji layihələri ilə məhdudlaşmır, həm də potensial olaraq Mərkəzi Asiyanın enerji resurslarının Qərb bazarlarına çıxarılması üçün daha geniş regional imkanlar yaradır.
Digər tərəfdən, münasibətlərin gündəliyi artıq yalnız iqtisadi məsələlərlə də məhdudlaşmır. Avaza görüşündə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişiklikləri və ekoloji problemlərin xüsusi vurğulanması göstərir ki, Bakı və Aşqabadın ortaq gündəliyində yeni çağırışlar da ön plana çıxır.
Odur ki, Azərbaycan–Türkmənistan münasibətlərinin əsas xüsusiyyəti onların ikili və regional xarakteri eyni vaxtda daşımasıdır. Bakı üçün Türkmənistan Mərkəzi Asiyaya çıxış baxımından mühüm tərəfdaş, Aşqabad üçün isə Azərbaycan Xəzər üzərindən Qərbə və Cənubi Qafqaza açılan əsas bağlantılardan biridir".