“Bir insan kömək gözləyir, biz isə telefonu çıxarıb çəkirik” -SOSİOLOQ DANIŞDI

8 Oktyabr 2026 11:53 (UTC+04:00)

Bu gün cəmiyyətin müəyyən hissəsində gündəlik həyatın əsas məqsədlərindən biri yaşanan anı bölüşmək, foto və video çəkmək, sosial şəbəkələrdə paylaşmaq və bununla bağlı ictimaiyyətə məlumat verməkdən ibarət olub. Belə vəziyyətlərdə real həyatda baş verən hadisəyə müdaxilə etmək, ehtiyacı olan insana yardım göstərmək kimi insani duyğular isə ikinci plana keçə bilir.

Bu sözləri SİA-ya açıqlamasında sosioloq, Əməkdar jurnalist Mətanət Məmmədova deyib.

O bildirib ki, insanların telefona və sosial şəbəkələrə həddindən artıq fokuslanması müəyyən hallarda onların hadisələrə reaksiyasına da təsir göstərir:

“İnsan hər hansı hadisə ilə qarşılaşanda ilk olaraq onu lentə almağı düşünür. Beyində yaranan ilkin impuls hadisəyə müdaxilə etmək və ya kömək göstərmək deyil, onu telefon vasitəsilə qeydə almaq və paylaşmaq olur. Bu fokuslanma müəyyən mənada insani duyğuları ikinci plana keçirir”.

Sosioloqun sözlərinə görə, ictimai yerlərdə insanların bir-birinə qarşı münasibətində də bu tendensiyanın müəyyən nümunələrini müşahidə etmək mümkündür. Bəzən insanlar ətraflarında baş verən xoşagəlməz hadisələrə müdaxilə etməkdən çəkinirlər. Bunun səbəblərindən biri də qarşı tərəfin reaksiyasından ehtiyat etməkdir.

“Lakin bir insanın həyatına təhlükə yarandığı, ona qarşı zorakılıq törədildiyi halda, bəzi şəxslərin yardım göstərmək əvəzinə telefonunu çıxarıb video çəkməsi ciddi sosial məsələdir. İnsan artıq hadisənin iştirakçısı və yardım göstərən tərəf olmaq əvəzinə müşahidəçi mövqeyinə keçir”, - deyə Mətanət Məmmədova vurğulayıb.

O qeyd edib ki, internet və sosial media özü-özlüyündə mənfi vasitə deyil:

“İnternet dünyası əslində həyatımızın bir çox sahəsində əlçatanlığı artıran, bizə böyük imkanlar verən mühüm vasitədir. Məsələ ondan necə istifadə etməyimizdən asılıdır. Əgər internetdən səmərəli istifadə ediriksə, bu, bizim mənəvi dəyərlərimizi və xarakterimizi əlimizdən almır. Lakin real həyatdan qoparaq bütün diqqətimizi virtual həyata yönəldiriksə, müəyyən sosial boşluqların yaranması qaçılmazdır”.

Sosioloq hesab edir ki, bu tendensiyanın nəticələri uzun müddət ərzində özünü göstərə bilər. Onun sözlərinə görə, Azərbaycan cəmiyyəti tarixən yardımlaşma, istiqanlılıq və humanist münasibətlərlə seçilib.

“Azərbaycan xalqı həmişə dar gündə bir-birinə yardım edən, ehtiyacı olan insanın əlindən tutan xalq kimi tanınıb. Lakin bu gün müəyyən sosial dəyişikliklər fonunda həmin dəyərlərin arxa plana keçməsi müşahidə olunur. İnsanların real həyatdan uzaqlaşıb virtual həyata daha çox fokuslanması gələcəkdə bu məsələnin daha ciddi sosial problemə çevrilməsinə səbəb ola bilər”, - deyə Mətanət Məmmədova bildirib.

O əlavə edib ki, əsas məsələ texnologiyadan imtina etmək deyil, virtual dünya ilə real həyat arasında sağlam balansı qorumaqdır. Sosial media insanın ünsiyyət və informasiya imkanlarını genişləndirməli, lakin onun digər insanlara qarşı məsuliyyət və yardım hissini əvəz etməməlidir.