Azərbaycanın Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələri son illərdə dinamik şəkildə inkişaf edir. Coğrafi baxımdan uzaq məsafədə yerləşməsinə baxmayaraq, Azərbaycan bu region dövlətləri ilə uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq edir. Xüsusilə iqtisadiyyat, sənaye, texnologiya və investisiya istiqamətlərində münasibətlərin genişləndirilməsi üçün mühüm imkanlar mövcuddur.
Bu barədə SİA-ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, Azərbaycanla Cənub-Şərqi Asiya ölkələri arasında əlaqələrin təməli hələ sovet dövründə qoyulub. Müstəqillikdən sonra, xüsusilə Prezident Heydər Əliyevin hakimiyyəti dövründən başlayaraq bu münasibətlər yeni mərhələyə qədəm qoyub və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Politoloq qeyd edib ki, Malayziya Cənub-Şərqi Asiya regionunda Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyan ölkələrdən biridir. Onun fikrincə, Malayziyanın iqtisadi potensialı, inkişaf etmiş təhsil sistemi, sənaye imkanları, startap ekosistemi və investisiya potensialı Azərbaycan üçün maraq doğuran istiqamətlərdir.
Turan Rzayev bildirib ki, Malayziyanın müsəlman ölkəsi olması da iki dövlət arasındakı münasibətlərin inkişafında mühüm amillərdən biridir. Bu baxımdan, Azərbaycan və Malayziya arasında dini və mədəni yaxınlıq əlaqələrin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır.
“Qarabağın bərpası prosesində də Malayziya ilə əməkdaşlıq imkanları xüsusi diqqət çəkir. Malayziya şirkətlərinin Azərbaycana cəlb olunması, eləcə də malayziyalı sahibkarların ölkəmizdə investisiya yatırması üçün imkanların genişləndirilməsi mühüm əhəmiyyət daşıyır”, - deyə politoloq vurğulayıb.
O əlavə edib ki, qarşıdakı illərdə Azərbaycanla Cənub-Şərqi Asiya ölkələri arasında əməkdaşlığın daha da genişlənməsi gözlənilir. Xüsusilə iqtisadiyyat, sənaye, texnologiya və investisiya sahələrində yeni layihələrin həyata keçirilməsi üçün böyük potensial var.