Azərbaycanda 2026-cı ilin ilk 6 ayı ərzində 10 350 boşanma faktı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə düşən boşanma sayı: 1,9 - 2,0 səviyyəsində qərarlaşıb. Bu gün boşanma səbəbləri arasında sosial şəbəkələrdən istifadə də var. Sosial şəbəkələrdən nəzarətsiz və qeyri-etik istifadə Azərbaycanda boşanma səbəbləri arasında ciddi artım göstərir.
Məsələ ilə bağlı sosioloq Lalə Mehralı SİA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdən istifadə ailə münasibətlərinə mənfi təsir edir, cütlüklər arasında münasibətlərə səbəb olur:
“Nəzarətsiz və həddindən artıq istifadə isə bəzi hallarda boşanma riskini artıra bilər. Sosial şəbəkələrdə çox vaxt keçirmək artıq cütlüklər arasında ünsiyyətin zəifləməsinə gətirib çıxarır. Belə ki, həyat yoldaşlarının bir-birinə ayırdığı vaxt azalır, ailədaxili ünsiyyət zəifləyir. Sosial şəbəkələr tərəflər arasında inamsızlığa, haqlı və haqsiz qısqanclığa səbəb olur. Gizli yazışmalar, şübhəli davranışlar və ya keçmiş münasibətlərin yenidən başlaması inamsızlıq yarada bilər.
Bu da özlüyündə cütlüklər arasında münaqişələrə səbəb olur. Paylaşımlar, bəyənmələr və mesajlaşmalar səbəbindən cütlüklər arasında bir-birinə etimad və güvən azala bilər".
Sosioloq vurğulayıb ki, sosial şəbəkələr vasitəsilə qurulan emosional və ya romantik əlaqələr ailədaxili münasibətlərə mənfi təsir göstərir:
Sosial şəbəkələrə həddindən artıq vaxt ayırmaq ailə məsuliyyətlərinin və birgə vaxtın azalmasına səbəb ola bilər.
Bununla yanaşı, qeyd etmək lazımdır ki, sosial şəbəkələr boşanmanın yeganə səbəbi deyil. Boşanmalar adətən qarşılıqlı anlaşılmazlıq, maddi problemlər, xəyanət, zorakılıq, məsuliyyətsizlik və digər amillərin təsiri nəticəsində baş verir. Sosial şəbəkələr isə mövcud problemləri dərinləşdirən və xəyanət hallarını artıran amillərdən biridir.Bu riskləri azaltmaq üçün ailə üzvlərinin açıq ünsiyyət qurması, sosial şəbəkələrdən istifadə ilə bağlı qarşılıqlı razılaşdırılmış qaydalar müəyyən etməsi və birlikdə keyfiyyətli vaxt keçirməsi faydalıdır".