"Peşə təhsili əmək bazarına çıxış üçün geniş imkanlar yaradır" - EKSPERT

7 Oktyabr 2026 15:50 (UTC+04:00)

"Peşə təhsilinə marağın artırılması və peşə məktəblərinin əmək bazarı ilə əlaqəsinin gücləndirilməsi istiqamətində, əlbəttə, müvafiq addımlar atılır və atılmalıdır da". Bu sözləri SİA-ya açıqlmasında təhsil eksperti Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, son dövrlərdə peşə təhsilinə maraq artıb. Cənab Prezidentin müvafiq sərəncamı əsasında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradıldı: "Bundan sonra bu istiqamətdə vətəndaşların müraciətlərində artım qeydə alınmağa başladı.

Eyni zamanda, peşə təhsilini bitirən şəxslərin subbakalavr dərəcəsi alması da bu sahəyə marağın artmasına təkan verib. Bundan əlavə, alternativ yanaşma kimi dual təhsil modelini də qeyd etmək olar. Bu modeldə vətəndaşlar həm peşə təhsili alır, həm də eyni zamanda əmək fəaliyyətinə başlayırlar. Bu da vətəndaşların peşə təhsilində iştirak payının artmasına gətirib çıxarır.

Bilirsiniz ki, əmək bazarında daha çox peşə təhsili istiqamətində təhsil alan şəxslər üçün iş imkanları mövcuddur. Yəni əmək bazarında peşə təhsilini bitirənlərə daha çox tələbat var. Aşpaz, salon ustası, maşın mütəxəssisi, elektrik, çilingər və digər peşələr üzrə kadrlara əmək bazarında ehtiyac olduğu üçün peşə təhsilinin üstünlükləri yüksəkdir.

Peşə təhsili müəssisələrinin əmək bazarı ilə əlaqələrini daha da gücləndirmək üçün düşünürəm ki, hər bir peşə təhsili müəssisəsi müvafiq qurumlarla, istər dövlət, istərsə də özəl qurum və şirkətlərlə əməkdaşlıq etməlidir. Öz tələbələri üçün əlavə təcrübə keçmək imkanları yaratmalı və onların vaxtında əmək fəaliyyətinə başlaması üçün təcrübə proqramlarını nəzərdən keçirməlidir. Hesab edirəm ki, bu istiqamətdə belə addımların atılması peşə təhsilinə daha çox müraciətin qeydə alınmasına imkan verəcək".