“Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, bazarda bolluğun yaradılması, əhalinin ərzaq təminatının yaxşılaşdırılması və kənd yerlərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi dövlət siyasətinin əsas prioritetləri sırasında yer alır”.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Tahir Rzayev “Aqrar sahə haqqında” qanun layihəsinin müzakirəsi ilə bağlı SİA-ya açıqlamasında bildirib ki, aqrar sektor ölkənin iqtisadi və sosial inkişafında mühüm istiqamətlərdən biridir.
Tahir Rzayev qeyd edib ki, son illərdə aqrar sahənin inkişafı istiqamətində mühüm addımlar atılıb, fermerlərə və kənd təsərrüfatı istehsalçılarına müxtəlif dəstək mexanizmləri tətbiq olunub. Bununla yanaşı, müasir iqtisadi münasibətlər aqrar sektor qarşısında yeni tələblər formalaşdırır. Bu baxımdan istehsalın artırılması ilə yanaşı, məhsulların rəqabət qabiliyyətinin yüksəldilməsi, emal sənayesinin inkişafı, logistika imkanlarının genişləndirilməsi və daxili bazarın dayanıqlı təminatı xüsusi əhəmiyyət daşıyır.
Komitə sədri bildirib ki, “Aqrar sahə haqqında” qanun layihəsi Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən irəli gəlir. Layihə aqrar sahədə dövlət tənzimlənməsi və dəstəyinin hüquqi, təşkilati, sosial və iqtisadi əsaslarını müəyyən edir.
“Hazırda aqrar sahədə müxtəlif istiqamətləri tənzimləyən çoxsaylı qanunlar mövcuddur. Lakin müasir dövr bu qanunvericilik normalarının sistemləşdirilməsini, aqrar sahə üzrə vahid hüquqi bazanın yaradılmasını və idarəetmədə vahid yanaşmanın formalaşdırılmasını zəruri edir. Təqdim olunan qanun layihəsi də məhz bu ehtiyacdan irəli gəlir və aqrar sahənin hüquqi çərçivəsinin daha sistemli şəkildə müəyyənləşdirilməsinə xidmət edir”, – deyə Tahir Rzayev vurğulayıb.
Onun sözlərinə görə, sənəd kifayət qədər geniş və əhatəlidir və aqrar sektorun müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, bu sahənin idarəetmə və inkişaf prinsiplərini də müəyyənləşdirir. Qanun qəbul ediləcəyi təqdirdə “Taxıl haqqında”, “Çayçılıq haqqında”, “Pambıqçılıq haqqında” və “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunların ləğv olunması nəzərdə tutulur. Həmin qanunların aktual və əhəmiyyətli müddəalarının isə yeni qanunvericilik aktında əks etdirilməsi planlaşdırılır.
Deputat qeyd edib ki, aqrar sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi yalnız hüquqi məsələlərin həlli baxımından deyil, həm də kənd təsərrüfatının iqtisadi səmərəliliyinin artırılması baxımından əhəmiyyətlidir. Onun fikrincə, istehsalçı üçün aydın və sabit hüquqi mühitin yaradılması investisiya imkanlarının genişlənməsinə, yeni texnologiyaların tətbiqinə və kənd təsərrüfatında müasir idarəetmə üsullarının inkişafına şərait yarada bilər.
Tahir Rzayev bildirib ki, aqrar sektorun inkişafı məsələsində əsas diqqət çəkən məqamlardan biri də kənd təsərrüfatı məhsullarının qiymətidir. Onun sözlərinə görə, məhsul bolluğunun yaradılması, istehsalın artırılması və bazar iqtisadiyyatının genişləndirilməsi mühüm məqsədlər olsa da, bəzi kənd təsərrüfatı məhsullarının qiymətində müşahidə olunan artım da diqqətdən kənarda qala bilməz.
“Əsas məqsəd kənd təsərrüfatı məhsullarının bolluğunun yaradılmasıdır. Bununla yanaşı, bazarda qiymətlərin formalaşmasına təsir edən amillər də ciddi şəkildə araşdırılmalıdır. İstehsalın həcmi, maya dəyəri, logistika, emal və satış zəncirində yaranan xərclər məhsulun son qiymətinə təsir göstərir. Bu baxımdan aqrar siyasət yalnız istehsalın artırılması ilə məhdudlaşmamalı, məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi bütün mərhələləri əhatə etməlidir”, – deyə komitə sədri bildirib.
O vurğulayıb ki, aqrar sektorun dayanıqlı inkişafı ölkənin ərzaq təhlükəsizliyi ilə birbaşa bağlıdır. Əhalinin keyfiyyətli və əlçatan ərzaq məhsulları ilə təmin olunması üçün yerli istehsalın gücləndirilməsi, fermerlərin fəaliyyətinin stimullaşdırılması və məhsuldarlığın yüksəldilməsi vacibdir.
Deputatın sözlərinə görə, qanun layihəsinin mühüm istiqamətlərindən biri də kənd yerlərinin sosial-iqtisadi inkişafına töhfə verməkdir. Aqrar sektorun inkişafı kənd əhalisinin məşğulluğunun artırılması, yeni iş yerlərinin yaradılması və regionlarda iqtisadi fəallığın yüksəldilməsi baxımından geniş imkanlar yaradır.
Tahir Rzayev qeyd edib ki, kənddən şəhərə miqrasiyanın azalması üçün kənd yerlərində insanların iqtisadi fəaliyyət göstərməsi və gəlir əldə etməsi üçün əlverişli şərait yaradılmalıdır. Bu baxımdan kənd təsərrüfatının yalnız ənənəvi istehsal sahəsi kimi deyil, müasir texnologiyalar, emal müəssisələri, logistika və innovasiyalarla əlaqəli bütöv iqtisadi sistem kimi inkişaf etdirilməsi vacibdir.
Komitə sədri aqrar sahədə dövlət dəstəyinin də təkmilləşdirilməsinin mühüm məsələ olduğunu diqqətə çatdırıb. O bildirib ki, fermerlərin maliyyə, texniki və institusional imkanlarının genişləndirilməsi, müasir texnologiyalara çıxışının təmin olunması və insan resurslarının hazırlanması məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərə bilər.
Onun sözlərinə görə, heyvan və bitki sağlamlığının qorunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, ekoloji tarazlığın qorunması da aqrar siyasətin əsas istiqamətləri sırasında olmalıdır. Çünki kənd təsərrüfatının uzunmüddətli inkişafı təbii resursların qorunmasından və onların səmərəli idarə olunmasından birbaşa asılıdır.
“Aqrar sektor çətin və məsuliyyətli sahədir. Burada çevik idarəetmə, dövlət qurumları arasında koordinasiya, istehsalçılarla qarşılıqlı əlaqə və sağlam münasibətlər tələb olunur. Torpaq və su ehtiyatlarından tutmuş heyvandarlığa, bitkiçiliyə, aqrar xidmətlərə, emala və ixraca qədər bütün istiqamətlər bir-biri ilə əlaqəlidir”, – deyə Tahir Rzayev bildirib.
Deputat əlavə edib ki, aqrar sektorun rəqabət qabiliyyətinin artırılması Azərbaycanın ixrac imkanlarının genişləndirilməsi baxımından da əhəmiyyətlidir. Yerli məhsulların həm daxili bazarda, həm də xarici bazarlarda rəqabət apara bilməsi üçün keyfiyyət standartlarının yüksəldilməsi, emal imkanlarının artırılması və müasir logistika sistemlərinin formalaşdırılması vacibdir.
Tahir Rzayev bildirib ki, dövlət tərəfindən həyata keçirilən tədbirlər, qəbul olunan qanunlar və əldə edilən nəticələr barədə ictimaiyyətin məlumatlandırılması da mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, aqrar sahədə həyata keçirilən islahatların mahiyyəti və məqsədləri cəmiyyətə düzgün çatdırılmalı, fermerlərin və digər istehsalçıların qanunvericilikdəki yeniliklər barədə məlumatlılığı artırılmalıdır.
Komitə sədri qeyd edib ki, “Aqrar sahə haqqında” qanun layihəsinin hazırlanması və müzakirəsi zamanı müxtəlif dövlət qurumlarının, Milli Məclisin aidiyyəti komitələrinin və digər tərəflərin mövqelərinin nəzərə alınması vacibdir. Onun sözlərinə görə, layihənin geniş müzakirəyə çıxarılması qanunun daha təkmil və praktik mexanizmlərə əsaslanmasına imkan verə bilər.
“Qanun layihəsinin müzakirəsinə də məhz bu yanaşma ilə baxırıq. Məqsəd aqrar sahənin bütün istiqamətlərini əhatə edən, müasir çağırışlara cavab verən və gələcək inkişaf üçün möhkəm hüquqi baza formalaşdıran qanunvericilik mexanizminin yaradılmasıdır”, – deyə Tahir Rzayev vurğulayıb.