“Məktəb psixoloqları uşaqlarla daha yaxından işləməlidir“ -PSİXOLOQ DANIŞDI

7 Oktyabr 2026 14:48 (UTC+04:00)

“Güc göstərmək, qorxuducu görünmək, sosial qruplarda qəbul olunmaq istəyi, ailədaxili zorakılıq və konfliktlər, valideynin həddindən artıq sərt davranışı və ya əksinə, uşağa həddindən artıq diqqət göstərməsi, məktəbdə bullinq və sosial təcrid yeniyetmədə qəzəb və intiqam düşüncələrinin yaranmasına səbəb ola bilər”.
Psixoloq Aytən Ələkbərova SİA-ya açıqlamasında bildirib ki, yeniyetməlik dövründə özünü sübut etmək və qəbul olunmaq ehtiyacı kifayət qədər güclü ola bilər.

Onun sözlərinə görə,“bu vəziyyətin təhlükəli həddə çatdığını bəzən yeniyetmənin sosial media davranışından da müşahidə etmək mümkündür:

”Sosial şəbəkələrdə zorakılığı əks etdirən, hətta onu romantikləşdirən və cinayəti güc nümayişi kimi təqdim edən paylaşımlara rast gəlinir. Bəzən yeniyetmənin sosial media paylaşımlarından onun ətrafındakı insanlar müəyyən siqnalları görə bilərlər.

Bu baxımdan məktəb psixoloqlarının rolu olduqca böyükdür. Məktəb psixoloqu gündəlik fəaliyyəti çərçivəsində hər bir uşağı yaxından tanıya bilməsə də, bunun üçün daha sistemli yanaşma tətbiq etmək mümkündür. Hər bir uşağın psixoloji xəritəsinin hazırlanması onun davranışındakı dəyişiklikləri əvvəlcədən müəyyən etməyə imkan verə bilər.

Uşaqla söhbət zamanı onun nələrlə maraqlandığını, diqqətini nələrin çəkdiyini öyrənmək, sosial şəbəkələrdəki davranışlarına, maraq dairəsinə və digər xüsusiyyətlərinə diqqət yetirmək onun psixoloji vəziyyəti haqqında müəyyən təsəvvür formalaşdırmağa imkan verir. Bu məlumatlar əsasında psixoloji rəyin formalaşdırılması və uşağın psixoloji xəritəsinin hazırlanması mühüm əhəmiyyət daşıyır.

Təəssüf ki, bəzən məktəb psixoloqlarının bu işi lazımi səviyyədə həyata keçirə bilmədiyini görürük. Bu isə gələcəkdə yeniyetmələrlə bağlı müxtəlif riskli vəziyyətlərin yaranma ehtimalını artırır.

Xüsusilə aqressiyanın, empatiyanın zəifləməsinin, cinayətə haqq qazandırmanın və zorakılığa meylin bir araya gəlməsi ciddi siqnal kimi qiymətləndirilməlidir. Yeniyetməni dinlədikdə, onun davranışlarını, maraqlarını və sosial media paylaşımlarını müşahidə etdikdə, psixoloji vəziyyəti barədə müəyyən təsəvvür formalaşdırmaq mümkündür.

Ona görə də yeniyetmənin “insan öldürmək maraqlıdır”, “cinayət törətmək istəyirəm” kimi ifadələri, hətta sosial media paylaşımlarında belə yer alırsa, buna sadəcə zarafat və ya adi paylaşım kimi yanaşmaq olmaz. Bunun səbəbi ciddi şəkildə araşdırılmalı və zərurət yarandıqda yeniyetmə praktik psixoloqa, hətta uşaq psixiatrına yönləndirilməlidir.

Bu davranışın ailə, məktəbdə bullinq, sosial mühit və ya digər amillərlə əlaqəli olmasından asılı olmayaraq, məsələyə ciddi yanaşmaq lazımdır. Hətta müəyyən qruplarda, dost çevrəsində və ya sosial platformalarda yaranan vəziyyətlər belə yeniyetmənin psixoloji durumuna təsir göstərə bilər.

Bunun qarşısını almaq üçün məktəbdə aktiv fəaliyyət göstərən və uşaqları yaxından müşahidə edə bilən psixoloqların olması vacibdir. Bəzən məktəb psixoloqlarının fəaliyyəti yalnız müəyyən testlərin keçirilməsi ilə məhdudlaşır. İdrak, təxəyyül və təfəkkürü yoxlayan testlər isə uşağın tam psixoloji xəritəsini müəyyən etmək üçün kifayət deyil.

Uşağın yalnız həmin anda test suallarına verdiyi cavablara əsaslanmaq olmaz. Hər bir yeniyetmə ilə fərdi söhbətlər aparılmalı, onun davranışı davamlı şəkildə müşahidə edilməlidir. Məktəb psixoloqu aşağı siniflərdən başlayaraq uşağın inkişafını izləməli, yuxarı siniflərə keçdikcə onda yaranan dəyişiklikləri qeyd etməlidir. Ən azı ildə iki dəfə onun psixoloji vəziyyəti, özünəinamı və özünüqiymətləndirməsi dəyərləndirilməlidir.

Bu yaxınlarda bir məktəbdə belə bir halın şahidi olduq. Psixoloq yeniyetməni dinlədikdən sonra onun vəziyyətinə ciddi yanaşaraq məsələni aidiyyəti şəxslərlə müzakirə edib və uşaqla məqsədyönlü iş aparılıb. Nəticədə onun intihar cəhdinin qarşısının alınmasına nail olunub. Bu, göstərir ki, uşağın vaxtında dinlənilməsi və onun davranışındakı riskli məqamların düzgün qiymətləndirilməsi həyati əhəmiyyət daşıyır.

Çox yaxşı olardı ki, məktəb psixoloqları bütün uşaqlara münasibətdə bu cür sistemli və peşəkar yanaşma tətbiq edə bilsinlər. Çünki yeniyetmənin davranışındakı kiçik dəyişikliklərə belə vaxtında diqqət yetirmək gələcəkdə daha ciddi problemlərin qarşısının alınmasına kömək edə bilər”, – deyə Aytən Ələkbərova qeyd edib.