"Müasir qida sənayesinin inkişaf etməsi, məhsulların rəf ömrünün uzadılması, görünüşünün və dadının cəlbedici saxlanılması, həmçinin kütləvi istehsal zamanı mikrobioloji korlanmanın qarşısının alınması qida qatqı maddələrindən istifadənin artmasına səbəb olur". Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.
.jpg)
Onun szölərinə görə, market rəflərindəki qablaşdırılmış məhsulların üzərində tez-tez rast gəldiyimiz E kodları bir çox hallarda istehlakçılarda narahatlıq doğura bilir: "E kodları Avropa İttifaqı tərəfindən qida qatqı maddələrinin identifikasiyası üçün yaradılmış vahid kodlaşdırma sistemidir. Kodlaşdırmanın əsas məqsədi qida etiketlərində mürəkkəb kimyəvi adların yerinə beynəlxalq səviyyədə tanınan, qısa və anlaşılan işarələmə sistemini tətbiq etməkdir. Məsələn, etiketdə L-askorbin turşusu yazılması əvəzinə E300 kodunun qeyd edilməsi məhsulun tərkibinin hər bir ölkədə eyni cür anlaşılmasına şərait yaradır.
Bir qatqı maddəsinə E kodunun verilməsi onun Avropa Qida Təhlükəsizliyi Agentliyi tərəfindən toksikoloji sınaqlardan keçdiyini və müəyyən edilmiş limitlər çərçivəsində istifadəsinə icazə verildiyini göstərir. Amma bu icazə həmin maddənin hər bir fərd üçün tamamilə zərərsiz olması demək deyildir. Həmçinin biz gün ərzində yalnız bir qida ilə deyil, bir neçə qida ilə qidalanırıq. Beləliklə, həmin qatqı maddəsinin qəbul edilən miqdarı müəyyən edilmiş limiti aşa bilər. Zərəri tez özünü göstərməsə də, bir müddət sonra, immunitet zəiflədikdə özünü göstərə bilər.
Qida qatqıları gördükləri funksiyaya görə xüsusi rəqəm diapazonlarına bölünür. Etiketdəki koda baxaraq maddənin hansı məqsədlə əlavə edildiyini müəyyən etmək mümkündür.
E100–E199 arası qatqılar rəngləndiricilərdir. Qidanın təbii rəngini bərpa edən və ona cəlbedici rəng verən maddələrdir.
E200–E299 arası qatqılar konservantlardır. Bakteriya, kif və maya göbələklərinin çoxalmasının qarşısını alaraq qidanın xarab olmasını ləngidir və rəf ömrünü uzadır.
E300–E399 arası qatqılar antioksidantlar və turşuluq tənzimləyiciləridir. Yağların acılaşmasının və meyvə-tərəvəzlərin qaralmasının qarşısını alan maddələrdir.
E400–E499 arası qatqılar qatılaşdırıcılar, stabilizatorlar və emulqatorlardır. Qidanın konsistensiyasını və teksturasını qoruyan, su ilə yağın ayrılmasının qarşısını alan birləşmələrdir.
E500–E599 arası qatqılar pH tənzimləyiciləridir. Məhsulun dənəvər qalmasını təmin edən maddələrdir.
E600–E699 arası qatqılar dadlandırıcılar və aromatizatorlardır.
E900–E999 arası qatqılar şəkəri əvəz edən və ya məhsulun xarici görünüşünü yaxşılaşdıran maddələrdir.
3. Xüsusilə ehtiyatlı olunmalı qida qatqıları və onların riskləri
Bütün E kodları zərərli deyildir. Məsələn, E300 sadə C vitaminidir. Amma sintetik yolla alınan, həssas insanlarda allergik və nevroloji reaksiyalar yarada bilən qatqılar da var.
Süni rəngləndiricilər uşaqlar üçün nəzərdə tutulmuş rəngli şirniyyatlarda, qazlı içkilərdə və saqqızlarda istifadə olunur.
E102, E110, E122, E124, E129 kimi qatqılar rəngləndiricilərdir. Uşaqlarda diqqət əksikliyi, hiperaktivlik, öyrənmə çətinliyi və allergik reaksiyalara gətirib çıxara bilər. Bu qatqıların olduğu qidaların üzərində uşaqların aktivliyinə və diqqətinə mənfi təsir göstərə biləcəyi barədə xəbərdarlıq yazılmalıdır.
Sintetik konservantlardan məhsulun kiflənməsinin və bakterial korlanmasının qarşısını almaq üçün geniş istifadə edilir. E210–E213 kimi qatqılar qazlı içkilərdə, hazır souslarda və turşularda geniş tətbiq olunur.
E249–E252 arası nitritlər və nitratlar kolbasa, sosiska, basdırma kimi emal olunmuş ət məhsullarında botulizm riskinin qarşısını almaq və ətə çəhrayı rəng vermək üçün istifadə edilir. Nitritlər mədə turşusu və yüksək temperatur şəraitində ətin zülalları ilə reaksiyaya girdikdə nitrozaminlər adlanan maddələr formalaşdıra bilər. Bu maddələr mədə-bağırsaq xərçəngi riskini artıra bilər.
E220–E228 arası kükürd dioksid və sulfitlər qurudulmuş meyvələrdə və şərabda mikroorqanizmlərin çoxalmasının qarşısını alır. Astma xəstələrində ağır tənəffüs tutmalarına, baş ağrılarına və həzm pozuntularına səbəb ola bilər.
E621 adlı qatqı maddəsi çipslərdə, hazır şorbalarda, dondurulmuş yarımfabrikatlarda və fast-food qidalarında geniş istifadə olunur. Yüksək miqdarda istehlakı insanda doyma hissini azalda və həddindən artıq qida qəbuluna səbəb ola bilər.
E951 adlı qatqı olan aspartam və E954 adlı saxarin şəkərdən dəfələrlə şirindir.
Riski minimuma endirmək üçün etiket oxuma vərdişini artırmalıyıq. İstehlak etdiyimiz məhsulun yalnız ön tərəfindəki “təbii”, “bio”, “pəhriz” kimi sözlərə yox, arxasındakı inqrediyent siyahısına baxmalıyıq.
Tərkib hissəsi nə qədər uzun və mürəkkəbdirsə, məhsul bir o qədər çox emal olunmuş sayılır. Qidaya baxdıqda tərkibində 5 və daha çox inqrediyent, başa düşmədiyimiz kimyəvi adlar varsa, onu istehlak etməsək, daha yaxşı olar.
Rəf ömrü aylarla olan hazır məhsullar əvəzinə, təzə, mövsümə uyğun meyvə-tərəvəz, dənli bitkilər və ev şəraitində hazırlanmış qidaları seçsək, daha faydalı olar".