“Azərpoçt” İçərişəhərdə yeni poçt şöbəsini istifadəyə verib

7 Oktyabr 2026 11:31 (UTC+04:00)

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC İçərişəhərdə, Böyük Qala 55 küçəsində və ya ünvanında yerləşən yeni AZ1005 indeksli poçt şöbəsini istifadəyə verib.

SİA xəbər verir ki, açılış mərasimində Ümumdünya Poçt İttifaqının (UPU) baş direktoru Masahiko Metoki, Filateliyanın İnkişafı və Sənədli İrs Proqramının rəhbəri Benjamin Combes, “Azərpoçt”un rəhbərliyi iştirak ediblər.

Yeni məkanın yaradılmasında məqsəd Bakının qədim və turistik zonası olan İçərişəhərdə şəhərimizin sakinləri ilə yanaşı, qonaqlarına da poçt xidmətlərini daha fərqli formada təqdim etməkdir. Belə ki, burada poçt istifadəçiləri üçün universal poçt xidmətləri ilə yanaşı, e-kommersiya, eləcə də filateliya məhsullarının satışı baş tutacaq.

“İçərişəhərdə yaradılan bu poçt şöbəsi poçtun yalnız xidmət infrastrukturu deyil, həm də insanları, mədəniyyəti və ölkələri birləşdirən platformadır. Azərbaycanın beynəlxalq poçt əməkdaşlığında fəal iştirakı və filateliyaya göstərdiyi diqqət təqdirəlayiqdir”, - deyə Masahiko Metoki bildirib.

Açılış zamanı qonaqlara poçt şöbəsinin fəaliyyəti və təqdim olunan xidmətlər barədə məlumat verilib, Azərbaycan filateliyasının seçilmiş nümunələri nümayiş etdirilib.