"Qida məhsullarının üzərində gördüyümüz E hərfi və ardınca gələn rəqəmlər qida əlavəsi və qatqı maddələrinin beynəlxalq səviyyədə qəbul edilmiş kodlaşdırma sistemini özündə ehtiva edir". Bu sözləri SİA-ya açıqlamasında "Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin Baş İcraçı Direktoru Seymur Qafarov deyib.
Onun sözlərinə görə, buradakı E hərfi Europa sözünü bildirir: "Bu kodlar məhsulların keyfiyyətini, dad və qoxu vermək, saxlamaq, saxlanma müddətlərini uzatmaq, quruluşunun və strukturunun qorunması üçün istifadə olunan kimyəvi və təbii maddələri özündə ehtiva edir.
Bu kodların istehlakçılar üçün əsas məqsədi nədir? Məlumatlandırmanı və şəffaflığı təmin etməkdir. Üçüncüsü, istehlakçı aldığı məhsulun tərkibində hansı qida qatqı maddələrinin olduğunu dəqiq öyrənmək imkanı əldə edir.
Deməli, E kodları rəqəmlərə və hansı funksiyasına görə qruplara bölünür.
E100 ilə E199 rəngləndiricilərdir, məhsulların rəngləndirilməsi üçündür.
E200 ilə E299 konservantlardır, xarab olmanın qarşısını almaq üçündür.
E300 və E399 antioksidantlardır, yəni oksidləşmənin qarşısını alır.
E400 və E599 aralığı isə stabilizatorlar, qatılaşdırıcılar və emulsifikatorları, yəni tekstura verən maddələri özündə ehtiva edir.
Ümumiyyətlə, bu maddələr zərərli deyil. Burada E101 — vitamin B2 və ya C vitamini olan E300 tamamilə zərərsizdir. Amma bəzi qatqılar vardır ki, onların maksimum dozada istifadəsi məsləhət görülmür. Onlardan bəziləri təhlükəli hesab olunan qida qatqılarıdır.
E127 — amarant, yəni rəngləndiricidir. Bir çox ölkələrdə zərərli və potensial kanserogen olduğu qəbul edilmişdir.
E250 və E251 — natrium nitrat və nitritlər əsasən konservant, konservləşdirici maddə olaraq istifadə olunur. Orqanizmə yüksək təsir və digər toksiki təsirlər yarada bilər.
Şübhəyə səbəb ola biləcək rəngləndiricilərdən E102 — tartrazin, E110 — narıncı və E124 — Ponceau 4R-dir. Bunlar uşaqlarda hiperaktivliyə, diqqət əskikliyinə, müxtəlif allergik reaksiyalara və səpgilərə səbəb ola bilər.
Konservantlardan E211 — natrium benzoat, yəni qazlı içkilərdə və souslarda geniş istifadə olunur. Xüsusilə C vitamini ilə birləşən zaman zərərli birləşmə yarada biləcək ehtimalı olur.
Ümumiyyətlə, istehlakçılara tövsiyəm ondan ibarətdir ki, məhsulların üzərindəki etiketlərə diqqət yetirsinlər. Tərkibinə çox uzun və başa düşülməyən E kodları ilə dolu olan emal olunmuş qidalardan, xüsusən də tərkibi çoxsaylı qatqı maddələri ilə zəngin olan qidalardan uzaq durmaq sağlamlıq üçün ən yaxşı tədbirlərdən biridir".