"İdman həm ölkənin nüfuzu, həm də yumşaq güc siyasətinin təsirli vasitələrindən biridir" - ŞƏRH

6 Oktyabr 2026 16:51 (UTC+04:00)

"Azərbaycanın son illərdə mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi əsas mərkəzlərdən birinə çevrilməsi təsadüfi deyil. Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi və Prezident İlham Əliyevin açılış mərasimində iştirakı həm Azərbaycan idmanına verilən yüksək qiymətin, həm də ölkəmizin beynəlxalq idman ailəsində qazandığı etimadın göstəricisidir". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan artıq beynəlxalq yarışlara sadəcə ev sahibliyi edən ölkə deyil:

"Bakı təşkilatçılıq, təhlükəsizlik, müasir idman infrastrukturu və böyük yarışların idarə olunması baxımından özünü dəfələrlə sübut edib. Formula 1-dən beynəlxalq futbol yarışlarına, gimnastikadan cüdoya qədər müxtəlif idman növlərində keçirilən mötəbər tədbirlər bunun təsdiqidir.

Cüdonun isə Azərbaycan idmanında xüsusi yeri var. Olimpiya və dünya səviyyəsində qazanılan uğurlar, formalaşmış məktəb və yeni nəslin bu idman növünə böyük marağı ölkəmizin cüdoda artıq öz ənənəsini yaratdığını göstərir. Dünya çempionatının Bakıda keçirilməsi həmin ənənənin beynəlxalq səviyyədə qəbulunun da ifadəsidir.

Belə tədbirlərin başqa mühüm tərəfi Azərbaycanın təqdimatıdır. Minlərlə idmançı, nümayəndə və qonaq Bakıya gəlirsə, dünya yalnız yarışı deyil, Azərbaycanı da görür. İdman bu mənada həm ölkənin nüfuzu, həm turizm, həm də yumşaq güc siyasətinin təsirli vasitələrindən biridir.

Cənab Prezident İlham Əliyevin açılış mərasimində iştirakı da dövlət səviyyəsində idmana göstərilən diqqətin davamlı xarakter daşıdığını göstərir. Güclü idman nəticə ilə başlayır, amma sistemlə davam edir. Azərbaycan məhz bu sistemi qurub".