"Azərbaycan artıq bir idman ölkəsinə çevrilib və bu fəaliyyətdə cənab Prezidentimizin xidmətləri böyükdür" - ŞƏRH

6 Oktyabr 2026 16:43 (UTC+04:00)

"Bakı artıq çoxdan ciddi və nüfuzlu bir idman paytaxtına çevrilib. Bunun üçün bütün şərait yaradılıb. Müvafiq idman qurğuları, hotellər qonaqları və idmançıları qəbul etmək üçün, onların məşqləri üçün lazımi şərait, eyni zamanda müxtəlif idman növləri üzrə milli məşqçilərimiz və hakim korpusu da yetişdirilib". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan dəfələrlə beynəlxalq idman yarışlarına ev sahibliyi edib:

"Yəni Azərbaycanın beynəlxalq idman yarışları keçirmək üçün bütün imkanları var və cənab Prezidentimiz, Azərbaycan Milli Olimpiya Komitəsinin sədri kimi, bu yarışların təşkilinə, idmanın inkişafına böyük önəm verir. Artıq ayrı-ayrı sahələr üzrə milli idmançılarımızın formalaşmasına dövlət tərəfindən böyük dəstək verilib.

Cüdo Azərbaycan gənclərinin sevdiyi idman növlərindən biridir və hər çəki dərəcəsində ən yüksək mükafatlar uğrunda mübarizə aparacaq layiqli idmançılarımız var. Yarışların ilk günündə Azərbaycan cüdoçusunun qızıl medal alması buna bir daha sübutdur. Cənab Prezidentimiz, bir qayda olaraq, Bakıda keçirilən idman yarışlarında iştirak edir, idmançıların mükafatlandırılmasına qatılır. Bir sözlə, Azərbaycan artıq bir idman ölkəsinə çevrilib və bu fəaliyyətdə cənab Prezidentimizin xidmətləri böyükdür".