Azərbaycanda analıq kapitalına bənzər dəstək mexanizmi tətbiq oluna bilərmi? - İQTİSADÇI AÇIQLADI

6 Oktyabr 2026 16:11 (UTC+04:00)

Rusiyada ailələrə uşağın doğulması ilə bağlı uzunmüddətli maliyyə dəstəyi göstərilir. 2026-cı ildə ilk uşağını dünyaya gətirən ailəyə təxminən 729 min rubl, yəni 14 min manatdan çox analıq kapitalı ödənilir. İkinci uşaq üçün isə bu məbləğ 963 min rubla, təxminən 18 min 800 manata çatır. Bu ödəniş uşağın doğulmasına görə verilən ayrıca birdəfəlik müavinətdən əlavə təqdim olunur. Analıq kapitalı ailənin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı digər xərclərinin qarşılanmasına yönəldilə bilər.

Bəs, Azərbaycanda da analıq kapitalına bənzər, uşağın böyüdülməsi və ailələrin uzunmüddətli maddi yükünün azaldılmasına xidmət edən yeni dəstək mexanizminin tətbiqi mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov SİA-ya açıqlaUşağın dünyaya gəlməsi ailə üçün böyük sevincdir, amma eyni zamanda uzun illər davam edən maliyyə məsuliyyəti yaradır:

"Uşağın qidalanması, geyimi, səhiyyəsi, bağçası, məktəbi və gələcək təhsili ailə büdcəsinə ciddi yük gətirir. Ona görə ailələrə dəstəyin yalnız uşağın doğulduğu zaman verilən birdəfəlik ödənişlə məhdudlaşmaması vacibdir.

Beynəlxalq təcrübədə bunun müxtəlif nümunələri var. Məsələn, Rusiyada analıq kapitalı uşağın doğulmasından sonra ailəyə uzunmüddətli maliyyə dəstəyi verir və vəsait əsasən mənzil, ipoteka, təhsil və uşağın gələcəyi ilə bağlı məqsədlərə yönəldilə bilir. Sinqapurda da “Baby Bonus” sistemi tətbiq olunur. Burada dövlət uşağın doğulmasına görə ailəyə pul yardımı verir və əlavə olaraq uşağın xüsusi hesabına vəsait ayırır, valideynlərin həmin hesaba yatırdığı pullara müəyyən həddə qədər dövlət tərəfindən əlavə vəsait də əlavə olunur. Sinqapurun 2027-ci ildən tətbiq edəcəyi yeni uşaq dəstəyi paketində hər bir vətəndaş uşağı üçün daha uzunmüddətli maliyyə dəstəyi nəzərdə tutulur. Kanadada isə “Canada Child Benefit” sistemi fəaliyyət göstərir. Ailələrə uşağın yaşına və ailənin gəlirinə uyğun olaraq hər ay vergidən azad ödəniş edilir. 2026–2027-ci ödəniş dövründə gəliri müəyyən həddən aşağı olan ailələr 6 yaşdan kiçik hər uşaq üçün ildə maksimum 8 157 Kanada dolları, 6–17 yaşlı uşaq üçün isə 6 883 dollara qədər yardım ala bilirlər. Fransada da ailələr üçün yalnız bir ödəniş nəzərdə tutulmur. Uşağın doğulmasına görə birdəfəlik yardım, üç yaşa qədər aylıq ödəniş, uşaq baxımı xərclərinin bir hissəsinin qarşılanması və ailədə uşaqların sayından asılı olaraq əlavə ödənişlər mövcuddur. 2026-cı ilin aprelindən Fransada doğuş müavinəti 1 093 avrodan çox müəyyən edilib.

Bu təcrübələr göstərir ki, ailəyə dəstək yalnız birdəfəlik ödənişlə məhdudlaşmır. Bir çox ölkələrdə məqsəd uşağın böyüdüyü illər ərzində ailənin xərclərinin müəyyən hissəsini dövlət tərəfindən qarşılamaqdır. Azərbaycanda da uşaq kapitalı mexanizminin yaradılması müzakirə oluna bilər. Məsələn, uşaq doğulduqda ailənin adına müəyyən məbləğdə kapital hesablana bilər. Bu vəsaitdən mənzil almaq və ya ipoteka ödəmək, uşağın təhsil və səhiyyə xərclərini qarşılamaq, məktəbəqədər hazırlıq və digər mühüm ehtiyaclar üçün istifadə etmək mümkün olar.Kapitalın məbləğinin uşaqların sayına görə artırılması da nəzərdən keçirilə bilər. Birinci uşaq üçün müəyyən baza məbləği, ikinci və üçüncü uşaqlar üçün daha yüksək məbləğ müəyyən etmək mümkündür. Aşağı gəlirli ailələr üçün əlavə dəstək mexanizmi də yaradıla bilər.Mənzil məsələsi xüsusilə vacibdir. Gənc ailələrin əsas maliyyə problemlərindən biri mənzil və ipoteka xərcləridir. Uşaq kapitalının ipotekanın ilkin ödənişinə və ya borcun müəyyən hissəsinin bağlanmasına yönəldilməsi ailənin aylıq xərclərini azalda bilər.Təhsil istiqaməti də mühüm ola bilər. Uşağın bağça, məktəb və gələcəkdə ali təhsil xərclərinin müəyyən hissəsinin bu kapital hesabına qarşılanması ailəyə uzun müddət ərzində maliyyə rahatlığı verər.

Təbii ki, belə bir proqramın tətbiqindən əvvəl onun dövlət büdcəsinə təsiri hesablanmalıdır. Neçə ailənin əhatə olunacağı, kapitalın məbləği, vəsaitin hansı məqsədlərə yönəldiləcəyi və proqramın neçə il davam edəcəyi əvvəlcədən müəyyən edilməlidir.

Məncə, Azərbaycanda belə bir mexanizmin yaradılması ciddi şəkildə araşdırılmalıdır. Uşaq kapitalı tətbiq olunarsa, bu, sadəcə yeni sosial ödəniş deyil, ailənin uzunmüddətli maliyyə yükünü azaltmağa xidmət edən bir sistem ola bilər. Əsas məqsəd uşağın doğulduğu gündən başlayaraq onun böyüdüyü illər ərzində ailəyə davamlı maliyyə dəstəyi göstərməkdir".