Hər uşağa ortopedik ayaqqabı lazımdır? Valideynlərin bilməli olduğu məqamlar - ARAŞDIRMA

6 Oktyabr 2026 16:14 (UTC+04:00)

Uşaqlar üçün ayaqqabı seçimi valideynlərin ən çox diqqət yetirdiyi məsələlərdən biridir. Xüsusilə son illərdə “ortopedik ayaqqabı” anlayışı valideynlər arasında geniş yayılıb. Bəzi valideynlər hesab edir ki, uşağın ayağının düzgün formalaşması, gələcəkdə yastıayaqlılıq və digər problemlərlə qarşılaşmaması üçün erkən yaşdan xüsusi ayaqqabı geyindirmək lazımdır. Ancaq burada əsas sual yaranır: ayağında heç bir problem olmayan, normal yeriyən uşağın həqiqətən ortopedik ayaqqabıya ehtiyacı varmı?

SİA mövzu ilə bağlı araşdırma edib.

Mövcud beynəlxalq tibbi yanaşmalar göstərir ki, sağlam uşağa sırf profilaktika məqsədilə ortopedik ayaqqabı geyindirməyin xüsusi üstünlüyü sübut olunmayıb. Əksinə, pediatrik ortopediya üzrə əsas mənbələr sağlam uşaqlar üçün ayağa düzgün oturan, rahat və hərəkəti məhdudlaşdırmayan ayaqqabının kifayət etdiyini bildirir. Amerika Pediatriya Akademiyasının valideynlər üçün tövsiyələrində də uşağın ilk ayaqqabısının rahat və çevik olması, ayağın təbii hərəkətinə imkan verməsi qeyd olunur. Sağlam uşağın ayağını “formalaşdırmaq” üçün xüsusi qövs dəstəyi, sərt daban, içlik və digər xüsusi konstruksiyaların sübut edilmiş üstünlüyünün olmadığı bildirilir.

Əslində “ortopedik ayaqqabı” ilə sadəcə ayağa düzgün oturan keyfiyyətli uşaq ayaqqabısını bir-birindən ayırmaq lazımdır. Ortopedik ayaqqabı konkret tibbi ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulur. Ayaqda deformasiya, funksional pozuntu, müəyyən yeriş problemləri, ağrı, ayaqların ölçüsündə ciddi fərq və ya ortez kimi tibbi vasitələrdən istifadə zərurəti olduqda xüsusi ayaqqabı və ya ayaqqabı modifikasiyası tətbiq oluna bilər. Belə hallarda məqsəd ayağı “gözəlləşdirmək” və ya sağlam ayağa forma vermək deyil, mövcud problemin funksional təsirini azaltmaqdır.

Məsələn, pediatrik ortopediya üzrə Şimali Amerika cəmiyyətinin məlumatlarında çevik yastıayaqlılığın uşaqlarda çox geniş yayıldığı, əksər hallarda ağrı və hərəkət problemi yaratmadığı bildirilir. Belə uşaqların böyük hissəsi adi ayaqqabı geyinə, qaça və idmanla məşğul ola bilir. Xüsusi ayaqqabı, içlik və ya qövs dəstəyi isə ağrısız çevik yastıayaqlılığın formasını dəyişdirmir.

Bu məqam xüsusilə vacibdir. Çünki valideynlərin bir hissəsi uşağın ayağının altındakı qövsün zəif görünməsini avtomatik olaraq xəstəlik kimi qəbul edir. Halbuki körpə və kiçik yaşlı uşaqlarda ayağın yastı görünməsi çox vaxt normal inkişaf mərhələsidir. Uşaqlarda ayaq qövsünün formalaşması yaş artdıqca davam edir. Amerika Pediatriya Akademiyası uşaqlarda yastıayaqlılığın çox vaxt ağrısız olduğunu və yalnız ayaq sərt və ya ağrılı olduqda müalicəyə ehtiyac yarana biləcəyini bildirir.

Avstraliyadakı Royal Children’s Hospital da eyni istiqamətdə yanaşır. Xəstəxananın ortopedik məlumatında uşaqların böyük hissəsində çevik yastıayaqlılığın müalicə tələb etmədiyi, rahat və ayağa uyğun ayaqqabının kifayət etdiyi bildirilir. Ağrısız çevik yastıayaqlılıqda içliklərin ayaqda qövs yaratmadığı qeyd olunur. Uşağın ayağında ağrı, fiziki aktivliyin məhdudlaşması və ya problemin yalnız bir ayaqda olması isə həkim müayinəsi üçün əsas sayılır.

Böyük Britaniyada da yanaşma əsasən oxşardır. NHS-in müxtəlif pediatrik ortopediya xidmətlərinin məlumatlarında uşaqlarda çevik yastıayaqlılığın əksər hallarda normal variant olduğu, ağrı və funksional problem yoxdursa xüsusi ayaqqabı və içliklərə ehtiyac olmadığı bildirilir. Oxford University Hospitals qeyd edir ki, xüsusi ayaqqabı, içlik və şinlər ayağın formasını dəyişmir və ona qövs yaratmır. Əgər uşaqda ağrı yoxdursa, əksər hallarda sadəcə müşahidə kifayətdir.

Avstraliyanın dövlət səhiyyə portalı Healthdirect də yastıayaqlılığın qarşısını almaq üçün ortopedik vasitələrdən istifadənin effektivliyinə dair kifayət qədər sübut olmadığını bildirir. Burada əsas tövsiyə ayağa düzgün oturan, çox dar, çox boş və ya köhnəlmiş olmayan ayaqqabı seçməkdir.

Deməli, dünyanın müxtəlif ölkələrində yanaşma tamamilə eyni ifadələrlə verilməsə də, əsas prinsip üst-üstə düşür: sağlam uşağın ayağını xüsusi ayaqqabı ilə “düzəltmək” deyil, onun ayağının normal inkişafına imkan vermək və düzgün ayaqqabı seçmək.

Bu yanaşmanı 2022-ci ildə dərc olunan Cochrane sistematik icmalı da dəstəkləyir. Tədqiqatçılar uşaqlarda yastıayaqlılığın müalicəsində ayaq ortezləri ilə bağlı mövcud araşdırmaları təhlil ediblər. Ağrısız yastıayaqlılığı olan sağlam uşaqlarda bahalı xüsusi ortezlərin adi ayaqqabılarla müqayisədə üstünlüyünü təsdiqləyən kifayət qədər sübut tapılmayıb. Müəlliflər xüsusilə ağrısı olmayan sağlam uşaqlarda yüksək qiymətli xüsusi ortezlərin istifadəsini dəstəkləyən sübutun olmadığını vurğulayıblar.

Bu, o demək deyil ki, ortopedik ayaqqabı və ya içliklər heç vaxt lazım deyil. Əksinə, müəyyən uşaqlarda bunlar mühüm müalicə vasitəsi ola bilər. Fərq ondadır ki, bu zaman söhbət sağlam uşağın profilaktik olaraq xüsusi ayaqqabı geyinməsindən yox, konkret problemin müalicəsi və ya simptomların azaldılmasından gedir. Məsələn, ağrılı yastıayaqlılıqda, ayağın funksiyasına təsir edən problemlərdə və bəzi nevroloji və ortopedik vəziyyətlərdə ortez və xüsusi ayaqqabı həkim tərəfindən tövsiyə oluna bilər. Pediatrik ortopediya mənbələrində ağrılı çevik yastıayaqlılıqda yumşaq qövs dəstəklərinin rahatlıq verə biləcəyi, lakin bunların ayağın formasını dəyişdirmədiyi qeyd edilir.

Burada başqa bir məsələ də ortaya çıxır: “ortopedik” adı ilə satılan hər ayaqqabı tibbi baxımdan ortopedik ayaqqabı hesab edilirmi?

Bu suala xüsusi diqqət yetirmək lazımdır. Çünki bir ayaqqabının üzərində “ortopedik” sözünün yazılması onun konkret uşağın tibbi ehtiyacına uyğun hazırlandığı anlamına gəlmir. Tibbi ortopedik ayaqqabı uşağın ayağının vəziyyətinə uyğun seçilən və ya modifikasiya edilən vasitədir. Sadəcə qalın altlıq, sərt daban, içlik və ya qövs hissəsinin olması ayaqqabını avtomatik olaraq tibbi vasitəyə çevirmir.

Beynəlxalq mənbələrdə sağlam uşaqlar üçün ayaqqabı seçərkən əsas diqqətin “ortopedik” etiketinə deyil, uyğunluğa yönəldilməsi tövsiyə edilir. Amerika Podiatriya Tibb Assosiasiyası uşaqlar üçün ayağın təbii hərəkətinə imkan verən, yüngül və çevik ayaqqabıları önə çıxarır. Ayaqqabının ön hissəsində barmaqların sıxılmaması, kifayət qədər yer olması və ayağın böyüməsi üçün uyğun ehtiyat payının saxlanması vacib sayılır.

2025-ci ildə yayımlanan geniş icmal da göstərir ki, uşaqlar üçün ayaqqabı seçimi ilə bağlı müxtəlif ölkələrdə tövsiyələr arasında müəyyən fərqlər var. Xüsusilə ayaqqabının nə qədər çevik olması, barmaqlar üçün nə qədər boşluq saxlanması və digər texniki göstəricilər üzrə bütün dünyada vahid standart yoxdur. Bununla belə, ayaqqabının uşağın ayağına düzgün oturmasının əhəmiyyəti ilə bağlı daha geniş razılıq mövcuddur. Araşdırma həmçinin bəzi tövsiyələrin yüksək səviyyəli klinik sübutdan çox ekspert rəyinə əsaslandığını göstərir.

Azərbaycanda isə məsələyə hüquqi və reabilitasiya sistemi baxımından baxdıqda maraqlı mənzərə ortaya çıxır. Azərbaycan qanunvericiliyində ortopedik ayaqqabı reabilitasiya vasitələri sırasında ayrıca göstərilir. Mövcud qaydalara əsasən sadə və mürəkkəb ortopedik ayaqqabı ayağın deformasiyası, itirilmiş funksiyanın bərpası və hərəkətin asanlaşdırılması məqsədilə təyin edilir və xüsusi hazırlanır. Uşaqlar üçün isə inkişaf xüsusiyyətləri nəzərə alınaraq həkim təyinatı ayrıca qeyd olunur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarında da reabilitasiya vasitələri ilə təminatın tibbi göstərişlər əsasında həyata keçirildiyi bildirilir. 2026-cı ildə Nazirliyin rəhbərliyi ilə ÜST-ün təşəbbüsü əsasında köməkçi reabilitasiya vasitələrinin spesifikasiyası və xidmət standartlarının hazırlanması üzrə işçi qrupunun yaradılması da Azərbaycanda bu sahədə standartlaşdırma istiqamətində iş aparıldığını göstərir. Müzakirələrdə ortopedik ayaqqabılar da daxil olmaqla reabilitasiya vasitələrinin keyfiyyət standartları, qiymətləndirmə, uyğunlaşdırma, təlim və sonrakı izləmə məsələləri müzakirə olunub.

2026-cı ilin ilk rübünə dair rəsmi məlumatda isə əlilliyi olan şəxslərə 2 003 cüt protez və ortopedik ayaqqabı təqdim edildiyi açıqlanıb. Bu fakt da Azərbaycanda ortopedik ayaqqabının rəsmi sistemdə, ilk növbədə, tibbi və reabilitasiya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulan vasitə kimi tətbiq edildiyini göstərir.

Beləliklə, Azərbaycanla dünyanın aparıcı pediatrik ortopediya yanaşmaları arasında əsas prinsip baxımından ciddi fərq görünmür: ortopedik ayaqqabı sağlam uşaqlar üçün məcburi və universal profilaktik vasitə kimi qəbul edilmir. Fərdi ehtiyac olduqda isə həkim müayinəsi və uyğunlaşdırma əsasında istifadə edilə bilər.

Əslində valideyn üçün əsas sual “Bu ayaqqabı ortopedikdirmi?” yox, “Mənim uşağımın buna tibbi ehtiyacı varmı?” olmalıdır.

Uşaq normal yeriyirsə, qaçırsa, oynayırsa, ayağında ağrı yoxdursa, hərəkəti məhdud deyilsə və həkim tərəfindən xüsusi problem aşkarlanmayıbsa, sırf gələcəkdə ayağı “düz olsun” deyə ortopedik ayaqqabı almağın elmi əsasları zəifdir. Belə uşağa düzgün ölçüdə, rahat, ayağın təbii hərəkətinə imkan verən keyfiyyətli ayaqqabı kifayətdir.

Əksinə, uşaq yeriyərkən ağrıdan şikayət edirsə, ayaqlarından biri digərindən fərqli görünürsə, ayaq sərtdirsə, hərəkət məhdudluğu varsa, tez-tez yıxılırsa, fiziki fəaliyyət zamanı ayaq və ya topuq ağrıları yaranırsa, ayaqqabının müəyyən hissəsində qeyri-adi və davamlı sürtülmə müşahidə olunursa, artıq məsələ sadəcə ayaqqabı seçimi deyil. Belə vəziyyətdə pediatr, uşaq ortopedi və ya uyğun mütəxəssis tərəfindən qiymətləndirmə aparılması daha doğrudur.

Başqa sözlə, uşağın ayağına “ortopedik” sözünü deyil, ehtiyacını uyğunlaşdırmaq lazımdır.

Dünyada mövcud yanaşma getdikcə ayaqqabının görünüşündən və üzərindəki iddialardan daha çox uşağın funksional vəziyyətinə, ayağın inkişafına və düzgün ölçüyə fokuslanır. Azərbaycanda da rəsmi reabilitasiya sistemində ortopedik ayaqqabının konkret tibbi göstərişlər və həkim təyinatı ilə əlaqələndirilməsi bu yanaşma ilə uzlaşır.

Ona görə də sağlam uşağın ayağını “qorumaq” adı ilə avtomatik şəkildə sərt, ağır və xüsusi konstruksiyalı ayaqqabı almaq əvəzinə, ilk növbədə uşağın ayağının həqiqətən problem yaradıb-yaratmadığına baxmaq daha məntiqli yanaşmadır. Problem yoxdursa, ayaqqabının əsas vəzifəsi ayağı “düzəltmək” yox, onu qorumaq, rahatlıq yaratmaq və uşağın normal hərəkətinə imkan verməkdir.

Ayşən Vəli