"Cüdo üzrə dünya çempionatının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq idman nüfuzunun göstəricisidir" - ŞƏRH

6 Oktyabr 2026 14:35 (UTC+04:00)

"Oktyabrın 5-də Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasiminin keçirilməsi ölkəmizin idman həyatında mühüm hadisə olmaqla yanaşı, Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun daha bir göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mərasimdə iştirakı isə dövlətimizin idmana, xüsusilə də yüksək səviyyəli idmançılarımızın yetişdirilməsinə göstərdiyi davamlı diqqətin növbəti ifadəsidir". Bu sözləri SİA-ya açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan yalnız beynəlxalq idman yarışlarında iştirak edən ölkə deyil, eyni zamanda dünyanın ən mötəbər idman tədbirlərinə ev sahibliyi edən dövlətlərdən biridir:

"Bakının müxtəlif illərdə Olimpiya səviyyəli və dünya miqyaslı yarışları yüksək təşkilatçılıqla keçirməsi ölkəmizə olan beynəlxalq etimadın təsadüfi olmadığını göstərir. Cüdo üzrə dünya çempionatının yenidən Bakıya həvalə edilməsi də bu etimadın bariz nümunəsidir.

Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanda cüdonun inkişafı sistemli dövlət siyasətinin nəticəsidir. Ölkəmizdə müasir idman infrastrukturu yaradılıb, uşaq və yeniyetmələrin idmana cəlb olunması üçün geniş imkanlar formalaşdırılıb, istedadlı idmançılara hərtərəfli dəstək göstərilir. Bunun nəticəsidir ki, Azərbaycan cüdo məktəbi artıq dünya səviyyəsində öz sözünü deyən güclü məktəblərdən birinə çevrilib.

Dünya çempionatının elə ilk günlərində azərbaycanlı cüdoçu Əhməd Yusifovun doğma Bakıda dünya çempionu olması isə bu böyük idman bayramına xüsusi məna verdi. Prezident İlham Əliyevin çempion idmançı ilə görüşərək onu təbrik etməsi dövlətin idmançının uğuruna verdiyi yüksək qiymətin göstəricisidir. Əhməd Yusifovun qələbəsi bir daha sübut etdi ki, Azərbaycanda yaradılan şərait, gənclərə göstərilən diqqət və cüdo məktəbinin formalaşdırdığı ənənələr öz bəhrəsini verir.

Mən hesab edirəm ki, Bakıda keçirilən dünya çempionatının əhəmiyyətini yalnız idman nəticələri ilə məhdudlaşdırmaq doğru olmaz. Belə mötəbər tədbirlər Azərbaycanın müasir simasını, təşkilatçılıq imkanlarını, təhlükəsizliyini, qonaqpərvərliyini və beynəlxalq tədbirləri yüksək səviyyədə keçirmək bacarığını dünyaya nümayiş etdirir. Beynəlxalq Cüdo Federasiyasının Bakını dünya cüdosunun mühüm mərkəzlərindən biri kimi təqdim etməsi də bunun göstəricisidir.

Azərbaycan Prezidenti İlham Əliyevin idmana münasibətdə müəyyən etdiyi strateji xəttin əsas məqsədlərindən biri sağlam, güclü, vətənpərvər və rəqabətədavamlı gənc nəslin yetişdirilməsidir. Cüdo isə bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Çünki cüdo yalnız fiziki güc deyil; intizam, iradə, səbir, rəqibə hörmət, özünənəzarət və mübarizə ruhudur. Bu dəyərlər Azərbaycan gəncliyinin formalaşmasında mühüm rol oynayır.

Bakıda dünya cüdo ailəsinin bir araya gəlməsi həm də Azərbaycanın dünyaya verdiyi mühüm mesajdır: Azərbaycan sülhün, dostluğun, idmanın və sağlam rəqabətin tərəfdarı olan, beynəlxalq tədbirlərə açıq və etibarlı tərəfdaşdır. Dünya çempionatının açılış mərasimində də məhz birlik, dostluq və sülh ideyaları ön plana çəkilib.

Əminik ki, bu çempionat Azərbaycan cüdosunun yeni uğurlarına, gənc idmançılarımızın daha böyük qələbələrinə yol açacaq. Ən əsası isə dünya cüdo ailəsi növbəti dəfə Azərbaycanın idmana verdiyi böyük dəyərin, Bakının yüksək təşkilatçılıq imkanlarının və ölkəmizin beynəlxalq idman xəritəsində tutduğu möhkəm mövqenin şahidi olur".