“Əgər biz vaxtında peşəkar və müasir dildə danışmasaq, bizim haqqımızda başqaları danışacaq”.
SİA xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı keçirilən müşavirədə YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov deyib.
Ədalət Muradov bildirib ki, Prezident İlham Əliyev növbəti mərhələdə minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan edib. Onun sözlərinə görə, güclü dövlət yalnız güclü iqtisadiyyatla ölçülmür, eyni zamanda vətəndaşın rifahının təmin olunmasını da nəzərdə tutur.
Professor qeyd edib ki, infrastruktur, investisiya, enerji və nəqliyyat layihələrinin əsas məqsədi insanın həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməkdir. O vurğulayıb ki, sosial siyasət yalnız yardım mexanizmi kimi deyil, insan kapitalına investisiya kimi qəbul edilməlidir.
Ədalət Muradov bildirib ki, insanı yardıma ehtiyacı olan vəziyyətdə saxlamaq deyil, ona öz gələcəyini qurmaq imkanları yaratmaq ən mühüm sosial siyasət istiqamətlərindən biridir. Onun sözlərinə görə, bunun ən güclü vasitələrindən biri təhsildir.
YAP İdarə Heyətinin üzvü Prezidentin ölkədə keçirilmiş beynəlxalq investisiya forumları ilə bağlı səsləndirdiyi fikirlərə də diqqət çəkib. O bildirib ki, həmin forumlarda imzalanmış müqavilələr nəticəsində Azərbaycana yatırılacaq investisiyaların həcminin 20 milyard dollardan çox olacağı qeyd edilib.
Professorun sözlərinə görə, investisiya yalnız maliyyə vəsaiti deyil, eyni zamanda ölkəyə olan inamın göstəricisidir. Xarici investor qərar verərkən sabitlik, hüquqi mühit, siyasi sistem, iqtisadi perspektiv və insan kapitalı kimi amilləri nəzərə alır.
Ədalət Muradov qeyd edib ki, Azərbaycanın yeni iqtisadi mərhələsi başlayıb. O vurğulayıb ki, investisiyaların həm neft-qaz, həm də qeyri-neft-qaz sektorlarına yönəldilməsi və neft gəlirlərinin gələcək iqtisadiyyatın qurulmasına sərf olunması mühüm əhəmiyyət daşıyır.
Professor bildirib ki, qarşıdakı mərhələnin əsas məsələsi yalnız yeni yolların, binaların, müəssisələrin və layihələrin qurulması deyil. Onun sözlərinə görə, əsas məqsəd bilikli, düşünən, vətənpərvər, dünyaya açıq, eyni zamanda dövlətinə və milli kimliyinə bağlı, yeniliyə açıq və formallıqdan uzaq yeni Azərbaycan insanının formalaşdırılmasıdır.
“Qarşıdakı mərhələnin əsas sözü nəticə və bir daha nəticədir. Təhsildə nəticə, ideoloji işdə nəticə, sosial siyasətdə nəticə, iqtisadiyyatda nəticə və ən başlıcası, vətəndaşın həyatında nəticə. Formallığa son qoyulmalıdır”, – deyə Ədalət Muradov vurğulayıb.
O əlavə edib ki, əsas vəzifə əldə olunan uğurları Azərbaycan vətəndaşının hiss etdiyi, inandığı və öz gələcəyinə çevirdiyi nəticələrə transformasiya etməkdir.