Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi nəticələri öz imkanları və resursları hesabına təmin edib. Ölkənin inkişafında müxtəlif sahələrdə həyata keçirilən tədbirlər və əldə olunan nəticələr Azərbaycanın öz gücünə əsaslanaraq inkişaf etdiyini göstərən amillər kimi qiymətləndirilir.
SİA xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatında Azərbaycan Respublikasının Prezidenti, YAP-ın sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərlə bağlı keçirilən müşavirədə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyevin ideologiya ilə bağlı fikirləri davamlı olaraq diqqət mərkəzində saxlanılmalıdır. Muxtar Nağıyev vurğulayıb ki, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində partiya fəallarının da mühüm rolu var. Onun sözlərinə görə, partiya üzvləri müəyyənləşdirilən vəzifələri diqqətlə öyrənməli, onların mahiyyətini dərk etməli və fəaliyyətlərində nəzərə almalıdırlar.
YAP Səbail rayon təşkilatının sədri qeyd edib ki, Azərbaycanda həyata keçirilən proseslər və ölkənin inkişafı ilə bağlı reallıqlar ictimai müzakirələrin predmetinə çevrilməli, görülən işlər barədə cəmiyyətə düzgün və dolğun məlumat verilməlidir.
Muxtar Nağıyev bildirib ki, ideoloji işin yeni yanaşmalar əsasında qurulmasına, formal xarakter daşıyan tədbirlərdən uzaqlaşaraq müasir informasiya mühitinin tələblərinə uyğun fəaliyyət göstərilməsinə ehtiyac var. Onun sözlərinə görə, müasir kommunikasiya vasitələrindən və yeni ideoloji iş metodlarından daha səmərəli istifadə edilməlidir.
O vurğulayıb ki, Azərbaycanın əldə etdiyi nəticələr və həyata keçirilən quruculuq işləri cəmiyyətə təqdim edilə biləcək real faktlardır. Bununla yanaşı, internet məkanında Azərbaycanla bağlı müxtəlif dezinformasiya və təxribat xarakterli məlumatların yayıldığını qeyd edən Muxtar Nağıyev belə məlumatların xüsusilə gənclərin dünyagörüşünə mənfi təsir göstərə biləcəyini bildirib.
“İnformasiya və ideoloji təhlükəsizlik fiziki təhlükəsizlik qədər mühüm sahədir. Bu istiqamətdə Yeni Azərbaycan Partiyasının üzvlərinin və fəallarının da üzərinə mühüm vəzifələr düşür”, – deyə Muxtar Nağıyev vurğulayıb.
O əlavə edib ki, hər bir partiya üzvü müasir informasiya mühitində baş verən proseslərə diqqətlə yanaşmalı, Azərbaycan reallıqlarının düzgün təqdim olunmasına və cəmiyyətdə sağlam informasiya mühitinin formalaşmasına öz töhfəsini verməlidir.