“Rusiya Federasiyasının gələcəyi sual altında: Yeni dövlətlər yarana bilər” - SİYASİ ŞƏRHÇİ

6 Oktyabr 2026 15:11 (UTC+04:00)

"Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Prezidentin səsləndirdiyi fikrə əsasən deyə bilərəm ki, Prezident ABŞ və Çini dünyanın iki super gücü adlandırdı və üçüncü belə bir gücün olmadığını dedi. ABŞ, Çin və Rusiya üçbucağında faktiki olaraq ABŞ və Çin super güclərdir, amma Rusiya bu güclər arasında yoxdur". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, Rusiya hər iki super gücün əlinin altında ola biləcək bir gücdür: "Yəni bu, təbiidir ki, bizim üçün artıq dəftərdən silinmiş bir gücdür. Rusiya yoxdur, faktiki Rusiyanın təsir imkanları tükənib. Ondan savayı, özü çöküşə doğru gedir. Rusiya dövlət olaraq mövcudluğunu sona çatdıracaq və bu proses olduqca tez başa çatdırılacaq.

Söhbət ondan gedir ki, 1917-ci ildə Oktyabr inqilabından sonra Çar Rusiyası çökdü, yerində yeni müstəqil dövlətlər quruldu. Sonradan SSRİ adı altında Rusiya imperiyası onların bəzilərini yenidən işğal etdi. O cümlədən də Azərbaycan Respublikasını. Azərbaycan Xalq Cümhuriyyəti qurmuşduq 18-ci ildə, onu işğal etdi və Çar Rusiyasının yerində daha kiçik bir imperiya qurmağı bacardı. Amma 1991-ci ildə növbəti dəfə Rus imperiyası, SSRİ adı altındakı Rusiya imperiyası dağıldı və yerində yeni 15 müstəqil dövlət yarandı.

Əslində həmin illərdə 32 yeni respublikanın, müstəqil dövlətin yaranması nəzərdə tutulurdu və o proses də gedirdi. Sadəcə olaraq, Rusiya yenidən toparlandı. Müttəfiq respublikaları işğal edə bilməsə də, digər yerdə qalan 17 respublikanı işğal etdi və günü bu gün də işğal altında saxlayır. Onların arasında Tatarıstan kimi, Başqırdıstan kimi, Yakutiya-Saxa kimi, Dağıstan, Çeçenistan, İnquşetiya kimi respublikalar da var.

Yəni demək istədiyim odur ki, o proses tamamlana bilmədi və artıq indi həmin mərhələyə yetişib. Rusiya Federasiyası adlı dövlət çökəcək və çökdükdən sonra da yerində yeni 41 dövlətin qurulması nəzərdə tutulur. Yəni bu baxımdan Azərbaycan Prezidenti də super güclərdən danışarkən nahaqdan o ikilinin adını çəkmədi. İstər ABŞ, istərsə də Çin Rusiyaya çox böyük təsir imkanlarına malikdir və faktiki olaraq mən düşünürəm ki, həm ABŞ, həm də Çin Rusiyanın yerində qurulacaq yeni müstəqil dövlətlərdə öz mövqelərini möhkəmləndirmək üçün indidən çalışırlar.

Azərbaycan da bu iki super güclə çox yaxın münasibətlərdə olduğuna görə, strateji tərəfdaş olduğuna görə düşünürəm ki, Rusiyanın parçalanması nəticəsində bizim də əlimiz ciddi şəkildə möhkəmlənəcək. Yəni Rusiya faktoru faktiki olaraq onsuzda ortalıqda yoxdur".