“Əhalinin artımı və Bakıya köçün intensivliyi nəqliyyat infrastrukturunda sistemli yanaşma tələb edir” -SOSİOLOQ DANIŞDI

6 Oktyabr 2026 13:03 (UTC+04:00)

İlk növbədə, Bakıda yerüstü nəqliyyatda yaranan sıxlıq şəhərdə gedən urbanizasiya prosesi ilə əlaqədardır. Son illərdə regionlardan Bakı şəhərinə intensiv köç müşahidə olunur və bu da şəhərin müxtəlif sahələrində, o cümlədən nəqliyyatda sıxlığın artmasına səbəb olur. Hazırda metroda tətbiq edilən məhdudiyyətlər isə insanların yerüstü nəqliyyatdan daha çox istifadə etməsini şərtləndirir və nəticədə nəqliyyat sıxlığı daha qabarıq şəkildə özünü göstərir.

Bu sözləri SİA-ya açıqlamasında sosioloq, Əməkdar jurnalist Mətanət Məmmədova deyib.

Onun sözlərinə görə, metroda və yerüstü nəqliyyatda yaranan sıxlıq, xüsusilə son dövrlərdə tətbiq edilən məhdudiyyətlər fonunda insanlar arasında müəyyən narahatlıq yaradıb: “Təbii ki, vətəndaşların bu vəziyyətlə bağlı narazılıqlarını ifadə etməsi başadüşüləndir. Lakin nəzərə almaq lazımdır ki, metroda aparılan işlərlə əlaqədar tətbiq olunan məhdudiyyətlər gələcəkdə nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına və sərnişinlərin rahatlığının təmin edilməsinə xidmət etməlidir. Bu baxımdan, qarşıdakı dövrdə yaranan müəyyən çətinliklərə anlayışla yanaşmaq vacibdir”.

Sosioloq qeyd edib ki, yağışlı və soyuq havalarda, xüsusilə qış aylarında metrodan istifadə imkanlarının məhdudlaşması yerüstü nəqliyyata tələbatı daha da artıra bilər. Bu səbəbdən həm vətəndaşların, həm də aidiyyəti qurumların mövsümi nəqliyyat yükünə əvvəlcədən hazır olması vacibdir.

“Burada vətəndaşların nəqliyyatdan istifadə mədəniyyətinə də diqqət yetirməsi mühüm məsələdir. Bir-birinə yol vermək, metro qatarından çıxan sərnişinlərin əvvəlcə keçməsinə imkan yaratmaq, avtobusa minərkən və düşərkən növbəlilik prinsipinə əməl etmək lazımdır. Növbədə gözləyən insanların qarşısına keçmək, avtobusa birinci minməyə çalışmaq kimi davranışlardan çəkinmək ictimai nəqliyyatdan istifadə mədəniyyətinin formalaşmasına xidmət edir”, - deyə M.Məmmədova bildirib.

Onun sözlərinə görə, bu prosesdə Yerüstü Nəqliyyat Agentliyinin vətəndaşlarla mütəmadi təması da mühüm əhəmiyyət daşıyır: “Sosial və rəqəmsal platformalar vasitəsilə hansı istiqamətlərdə problem yaşandığı, hansı marşrutlarda avtobus sayının kifayət etmədiyi müəyyənləşdirilməli və buna uyğun olaraq hərəkət intervalları tənzimlənməlidir. Xüsusilə metrodan istifadə imkanlarının məhdudlaşdığı istiqamətlərdə əlavə avtobusların ayrılması məsələsinə diqqət yetirilməlidir”.

M.Məmmədova vurğulayıb ki, bəzi istiqamətlərdə avtobuslar daha intensiv hərəkət etsə də, müəyyən marşrutlarda nəqliyyat vasitələrinin sayının azlığı və intervalın uzun olması sərnişinlərin gündəlik hərəkətinə çətinlik yaradır. Onun fikrincə, xüsusilə 28 May və Neftçilər kimi stansiyalardan müxtəlif istiqamətlərə hərəkət edən sərnişinlərin ehtiyacları nəzərə alınmalı, həmin istiqamətlərdə marşrutların sayının artırılması imkanları araşdırılmalıdır.

“Bu gün metrodan istifadə edən minlərlə insanın bir hissəsi müəyyən müddət ərzində yerüstü nəqliyyatdan istifadə etməyə məcbur olur. Ümumilikdə, bu sahədə müəyyən işlərin görüldüyünü müşahidə etmək mümkündür. Lakin əhalinin artan sayı və regionlardan Bakı şəhərinə köçün intensivliyi nəzərə alınaraq nəqliyyat infrastrukturuna yanaşma daha sistemli olmalıdır”, - deyə sosioloq əlavə edib.

Əməkdar jurnalist qeyd edib ki, nəqliyyatda yaranan sıxlıq insanların işə gecikməsinə, evdən işə və işdən evə gedərkən yolda uzun müddət qalmasına səbəb olur və bu vəziyyət sosial-psixoloji gərginliyi artıra bilər.

“Bütün bu amillər nəzərə alınmalı və nəqliyyat siyasətində insan amili əsas diqqətdə saxlanılmalıdır. Yay, payız və qış aylarında nəqliyyata olan tələbat və yol şəraiti fərqli olur. Yağışlı, soyuq hava və mümkün qar şəraiti nəzərə alınaraq problemli istiqamətlərdə marşrutların sayının artırılması və hərəkət intervallarının azaldılması məqsədəuyğundur”, - deyə Mətanət Məmmədova vurğulayıb.

O bildirib ki, əsas məqsəd metrodan istifadə imkanları məhdudlaşan vətəndaşların yerüstü nəqliyyat vasitələri ilə gündəlik ehtiyaclarını mümkün qədər rahat şəkildə təmin etməsinə şərait yaratmaq olmalıdır.