"Ölkədə minimum əmək haqqı ilə bağlı son dəyişikliklər və yeni yanaşmalar çərçivəsində hökumətin minimum əmək haqqına mütəmadi olaraq baxması nəzərdə tutulur. Burada əsas məqam “artırmalıdır” deyil, “baxmalıdır” öhdəliyinin mövcud olmasıdır. Bu baxışın nəticəsində minimum əmək haqqının dəyişdirilməsi ilə bağlı qərarın qəbul edilməsi mümkündür".
SİA mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimlinin fikirlərini öyrənib.
_(2).jpg)
O bildirib ki, minimum əmək haqqının müəyyənləşdirilməsi zamanı bir sıra amillər nəzərə alınmalıdır. Bunlara iqtisadi artım və inkişafın vəziyyəti, ölkədə məşğulluğun səviyyəsi, əmək məhsuldarlığı, orta aylıq əmək haqqının dinamikası və cari vəziyyəti, manatın alıcılıq qabiliyyəti, inflyasiya səviyyəsi və digər iqtisadi göstəricilər daxildir. Yəni minimum əmək haqqının artırılması ilə bağlı qərar bu amillərin kompleks təhlili və bir-biri ilə uyğunlaşdırılmasından sonra qəbul edilməlidir:
"Burada əsas məqsəd ondan ibarətdir ki, minimum əmək haqqı yalnız dövlət büdcəsinə və dövlət sektoruna təsir edən amil deyil. Bu, iqtisadiyyatın bütün sektorlarına, xüsusilə də kiçik və orta biznesə təsir göstərən qərardır. Fiziki və ya hüquqi şəxs olmasından, eləcə də kiçik və ya orta iqtisadi subyekt kimi fəaliyyət göstərməsindən asılı olmayaraq, bütün işəgötürənlər minimum əmək standartlarına riayət etməlidirlər.
Minimum əmək haqqının ölçülməmiş şəkildə artırılması isə iqtisadiyyat üçün ciddi risklər yarada bilər. Bu, inflyasiyaya təsir göstərə, məşğulluq səviyyəsinə mənfi təsir edə və qeyri-rəsmi məşğulluğun artmasına səbəb ola bilər. Xüsusilə real sektorun, özəl sektorun, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin müəyyənləşdirilən minimum əmək haqqı standartlarına cavab vermək imkanları nəzərə alınmalıdır. Çünki qərar qəbul edilərkən yalnız dövlətin maliyyə imkanları deyil, biznesin real vəziyyəti də nəzərə alınmalıdır.
Ümumilikdə isə son iki ildə ölkədə orta aylıq əmək haqqının artım tempi və inflyasiya göstəricilərinə baxdıqda minimum əmək haqqının artırılması üçün müəyyən əsasların olduğunu düşünürəm. Artımın konkret həddinə gəldikdə isə müxtəlif yanaşmalar mümkündür. İnflyasiya gözləntiləri, orta aylıq əmək haqqının artım dinamikası və manatın alıcılıq qabiliyyəti kimi amillər nəzərə alınmaqla minimum əmək haqqının təqribən 10-15 faiz ətrafında artırılması mümkün və əsaslandırılmış yanaşma ola bilər.
Belə bir artım sosial baxımdan həssas əhali qruplarına inflyasiyanın təsirini müəyyən qədər kompensasiya etməyə və eyni zamanda orta aylıq əmək haqqının artım tempinə uyğunlaşmağa imkan verə bilər. Mənim düşüncəmə görə, minimum əmək haqqının ən azı 10 faiz, yuxarı hədd olaraq isə təqribən 15 faiz ətrafında artırılması əsaslandırıla bilər.
Lakin minimum əmək haqqının kəskin şəkildə, məsələn, 25, 30 və ya 50 faiz artırılması kimi yanaşmaların iqtisadi nəticələri də diqqətlə qiymətləndirilməlidir. Özəl sektorun və biznes subyektlərinin daşıya bilməyəcəyi yükün məcburi şəkildə onların üzərinə qoyulması əmək bazarında vəziyyətin pisləşməsinə, işsizliyin artmasına və qeyri-rəsmi məşğulluğun genişlənməsinə səbəb ola bilər.
Ona görə də minimum əmək haqqının artırılması zərurəti ilə onun iqtisadiyyata yarada biləcəyi təsirlər arasında balans qorunmalıdır. Qərar qəbul edilərkən inflyasiya, məşğulluq, əmək məhsuldarlığı, orta aylıq əmək haqqının dinamikası, biznesin imkanları və əhalinin sosial vəziyyəti kompleks şəkildə nəzərə alınmalıdır. Minimum əmək haqqının artırılması vacibdir, lakin onun konkret həddi məhz bu amillərin birgə qiymətləndirilməsi əsasında müəyyənləşdirilməlidir".