"Prezident İlham Əliyevin Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul etməsi iki ölkə arasında münasibətlərin yeni istiqamətlər üzrə inkişaf etdirilməsi baxımından diqqət çəkən hadisədir. Görüşdə verilən mesajlardan görünür ki, Bakı–Kuala Lumpur münasibətlərində siyasi dialoqun yüksək səviyyəsi artıq iqtisadi və humanitar əməkdaşlığın daha geniş məzmunla tamamlanması üçün baza kimi nəzərdən keçirilir".
Bu sözləri SİA-ya açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
_(1)_(1)_(1)_(1)_(1).jpg)
Onun sözlərinə görə,Prezident İlham Əliyev xüsusilə iqtisadi əlaqələrin siyasi münasibətlərin səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb:
"Azərbaycan və Malayziyanı yaxınlaşdıran əsas amillərdən biri qarşılıqlı siyasi etimaddır. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəkləyir və bu əməkdaşlıq BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda qarşılıqlı maraqların müdafiəsi baxımından əhəmiyyət daşıyır. Hazırkı görüşdə də beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin əhəmiyyəti ayrıca olaraq vurğulanıb.
Münasibətlərin iqtisadi komponentinin gücləndirilməsi isə qarşıdakı dövr üçün əsas istiqamət kimi görünür. Enerji, investisiya və ticarət sahələri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Malayziyanın Cənub-Şərqi Asiyanın mühüm iqtisadi mərkəzlərindən biri, Azərbaycanın isə Cənubi Qafqaz və Xəzər hövzəsində mühüm nəqliyyat-enerji imkanlarına malik ölkə olması iki tərəf arasında əməkdaşlıq üçün tamamlayıcı imkanlar yaradır. Buna görə də əlaqələrin yalnız ənənəvi ticarətlə məhdudlaşmayaraq investisiya, enerji və nəqliyyat-logistika istiqamətlərində genişləndirilməsi qarşılıqlı maraq doğura bilər.
Görüşdə turizm məsələsinin xüsusi olaraq gündəmə gətirilməsi də təsadüfi deyil. Məlumdur ki, qarşılıqlı viza tələbinin aradan qaldırılması və birbaşa hava əlaqəsinin yaradılması məsələləri də müzakirə edilib. Bu iki addım reallaşarsa, əlaqələrin və turizm axınının genişlənməsi üçün praktiki imkanlar artacaq.
Təhsil sahəsində əməkdaşlıq da münasibətlərin humanitar dayaqlarından biridir. Azərbaycanlı tələbələrin Malayziyada, Malayziyalı tələbələrin isə Azərbaycanın dövlət təqaüd proqramları çərçivəsində ölkəmizdə təhsil alması gələcəkdə biznes və akademik əlaqələrin genişlənməsinə xidmət edə biləcək insan kapitalının formalaşması baxımından əhəmiyyətlidir.
Ümumilikdə isə görünən odur ki, Azərbaycan–Malayziya münasibətlərində əsas məsələ artıq mövcud siyasi etimadın real iqtisadi, investisiya, turizm, təhsil və insanlararası layihələrə çevrilməsidir".