Azərbaycan musiqisi Cənubi Koreyada

6 Oktyabr 2026 12:08 (UTC+04:00)

Muğam və cazın cazibəsi ACC X Musiqi Festivalında təqdim olunub

1–4 oktyabr tarixlərində Cənubi Koreyanın Mədəniyyət, İdman və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərən və Koreyanın ən böyük mədəniyyət mərkəzi olan Milli Asiya Mədəniyyət Mərkəzi (NACC) tərəfindən Kvanqju şəhərində ACC X Musiqi Festivalı keçirilib. Musiqi bayramında ölkəmiz bu il ilk dəfə olaraq xüsusi qonaq qismində çıxış edib.

Azərbaycanı bu nüfuzlu layihədə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadənin rəhbərlik etdiyi musiqi qrupu - Kamran Kərimov (nağara), Fuad Cəfər (gitara), Nicat Aslanov (sintezator) və Həsən Bilalov (zərb alətləri) təmsil edib. Konserti izləyənlər sırasında Azərbaycanın Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov, diplomatik korpusun nümayəndələri, festivalın prezidenti Kim Myung-gyu və bədii rəhbəri Won Il də yer alıb. Konsert proqramı festival iştirakçıları və tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Milli Asiya Mədəniyyət Mərkəzində (Asia Culture Center — ACC) keçirilən festival müxtəlif musiqi janrlarının, mədəniyyətlərin və sənət ifadələrinin kəsişdiyi beynəlxalq platforma kimi diqqət çəkib.

Festivalın əsas konsepsiyası olan “X” — musiqilərin, mədəniyyətlərin və yaradıcılıq yanaşmalarının kəsişməsi Azərbaycan musiqisinin təqdimatı üçün də xüsusi məna daşıyıb. Azərbaycan musiqiçilərinin iştirakı çərçivəsində muğam ənənəsi caz və müasir improvizasiya ilə bir araya gətirilib. Tar və nağara kimi Azərbaycan musiqi alətlərinin özünəməxsus səslənməsi improvizasiya elementləri ilə birləşərək ənənəvi musiqinin müasir səhnə kontekstində yeni təqdimatını yaradıb. Musiqiçilərin çıxışları Azərbaycan musiqisini yalnız milli mədəni irsin bir hissəsi kimi deyil, həm də müasir dünya musiqisi ilə dialoqa açıq, çevik və universal sənət dili kimi təqdim olunmasına imkan verib.

Azərbaycan musiqisinin Xəzərin qərb sahilindən Cənubi Koreyanın Kvanqju şəhərinə uzanan bu musiqi körpüsü müxtəlif mədəniyyətlərin bir-birini dinləməsi, tanıması və birlikdə yeni yaradıcılıq formaları yaratması baxımından xüsusi əhəmiyyət daşıyır.