Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən müəllim peşəsinə verilən yüksək qiymət və göstərilən dövlət qayğısı Azərbaycan təhsil siyasətinin mühüm istiqamətlərindən biridir.
SİA xəbər verir ki, bu fikirləri YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev 5 Oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, 1966-cı ildə UNESCO-nun müəllimlərin həyat səviyyəsi, əmək şəraiti və müəllim statusunun beynəlxalq səviyyədə tanınması ilə bağlı mühüm sənəd qəbul etməsi müəllim peşəsinin qlobal əhəmiyyətini nümayiş etdirir. Onun sözlərinə görə, 1994-cü ildə UNESCO tərəfindən 5 oktyabrın Beynəlxalq Müəllimlər Günü elan edilməsi də müəllim əməyinə verilən yüksək qiymətin göstəricisidir.
“Öz həyatını gənc nəslin təlim-tərbiyəsinə həsr edən müəllimlər cəmiyyətin inkişafında xüsusi və əvəzsiz rol oynayırlar. Azərbaycanda müəllim əməyinə dövlət səviyyəsində diqqət və qayğı xüsusilə 1997-ci ildən etibarən daha sistemli xarakter alıb. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun davamı olaraq bu gün də müəllimlərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin yüksəldilməsi və onların nüfuzunun artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir”, – deyə Muxtar Nağıyev qeyd edib.
YAP Səbail rayon təşkilatının sədri bildirib ki, Azərbaycanda təhsilin inkişafına, məktəblərin müasir standartlara uyğunlaşdırılmasına və yeni təhsil müəssisələrinin tikintisinə xüsusi önəm verilir. Eyni zamanda, Azərbaycan gənclərinin qabaqcıl ali təhsil müəssisələrində təhsil alması üçün mühüm addımlar atılıb.
“Minlərlə azərbaycanlı gəncin müxtəlif nüfuzlu ali məktəblərə göndərilməsi ölkəmiz üçün böyük əhəmiyyət daşıyıb. Xaricdə və digər qabaqcıl təhsil müəssisələrində yüksək səviyyəli təhsil alan həmin gənclər sonradan Azərbaycanın müxtəlif sahələrinin inkişafına mühüm töhfələr veriblər. Onların elmi, ictimai və peşəkar fəaliyyəti ölkəmizin inkişafına xidmət etməklə yanaşı, Azərbaycanın beynəlxalq miqyasda tanınmasına da mühüm töhfə verib”, – deyə o əlavə edib.
Muxtar Nağıyev vurğulayıb ki, müəllim yalnız bilik verən şəxs deyil, həm də cəmiyyətin gələcəyini formalaşdıran, milli-mənəvi dəyərləri və vətənpərvərlik hisslərini gənc nəslə aşılayan mühüm şəxsdir.
“Azərbaycanda müəllim əməyinə göstərilən yüksək dövlət qayğısı da məhz bu mühüm missiyanın layiqincə həyata keçirilməsinə xidmət edir”, – deyə YAP Səbail rayon təşkilatının sədri bildirib.